PDF Oxu

Siyasət

  • 2 245

Xankəndi paradı tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi ŞƏRH

Xankəndi paradı tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi ŞƏRH

Dünya ictimaiyyəti noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunan hərbi paradı böyük maraqla izlədi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi paradda qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dünya siyasətçisi və dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Hərbi paradda Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi Azərbaycan xalqını sevinc göz yaşlarına boğdu. Parad heyətlərinin keçidindən sonra lokal xarakterli antiterror əməliyyatında düşmənin ələ keçirilmiş hərbi texnikaları qoşqular üzərində Xankəndi şəhəri mərkəzi meydana gətirilməsi düşmənə böyük göz dağı oldu.

Prezident cənab İlham Əliyevin son 20 ildə həyata keçirdiyi daxili və xarici siyasət sayəsində onun verdiyi vədlərin layiqincə yerinə yetirdiyinin şahidi olmuşuq. 20 il öncə işğal altında olan ərazilərimizin azad edilməsi, keçmiş məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqları barədə vədi hər kəsə xəyal kimi görünürdü. Çünki həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə təklənir, Ermənistanın isə havadarlarınn sayı getdikcə artırdı. İyirmi il əvvəl belə mürəkkəb və çətin bir dövrdə cənab İlham Əliyev Prezident kimi andiçmə mərasimində söz vermişdi ki, gün gələcək, biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin gün yetişdi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazisi tam bərpa edildi. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Xankəndi paradı şanlı Zəfərimizin pik nöqtəsi oldu.

Qələbəmizin ərsəyə gəlməsində iqtisadi sahədəki uğurlar, islahatların aparılması, xüsusilə ordu quruculuğunun inkişafı, yeni hərbi hissələrin yaradılması, Silahlı Qüvvələrimizin müasir tipli silah-sursatla təmin olunması, Ordumuzun maddi-texniki, silah-sursatla təchizatı, döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi əsas amillərdir.

Prezident cənab İham Əliyevin Xankəndi paradındakı çıxışında: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik” düşmənə və onun havadarlarına ciddi mesajlar verdi. Bir sözlə Xankəndi paradı böyük tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi.

Fuad Həbibzadə

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər