PDF Oxu

Siyasət

  • 2 430

Qəhrəmanlıq salnaməsi Şuşa əməliyyatı ŞƏRH

Qəhrəmanlıq salnaməsi Şuşa əməliyyatı ŞƏRH

Cari ilin 8 noyabr tarixində ölkə ictimaiyyəti və bütün dünya azərbaycanlıları böyük təntənə və qürur hissi ilə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərin növbəti ildönümünü qeyd edir. Üç il bundan öncə müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi və əzmi, Azərbaycan əsgərinin rəşadəti və şücaəti, Azərbaycan xalqının birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılmış və 8 Noyabr tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuşdur. Qeyd edək ki, builki Zəfər bayramı həm də ona görə əlamətdardır ki, həm “Heydər Əliyev İli”nə, həm də ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam şəkildə bərpa olunduğu dövrə təsadüf edir.

44 günlük Vətən müharibəsinədək Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir sıra beynəlxalq təşkilatların və aparıcı dünya dövlətlərinin ikili standartlara söykənən subyektiv yanaşmaları mövcud idi. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev öz fəaliyyəti ilə sübut etmişdi ki, istənilən şəraitdə problemin həllinə düzgün yanaşma sayəsində uğur qazanmaq mümkündür. Belə ki, onun, bilavasitə, rəhbərliyi ilə 1994-cü ilin yanvar ayında Azərbaycan Ordusunun böyük uğurla yerinə yetirdiyi “Horadiz əməliyyatı” nəti­cəsində 23 yaşayış məntəqəsi işğaldan azad edildi. Qeyd edək ki, bu uğuru 2016-cı ilin aprel ayında böyük hərbi-strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini ələ keçirmək­lə Prezident İlham Əliyev də təkrarladı. Ordumuzun böyük üstünlüyünü və xalqın qələbə əzmini nümayiş etdirən Aprel dö­yüşləri münaqişənin hərb yolu ilə həlli­nin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarıc idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev problemin həllinə yanaşmada güzəşt siyasətinə deyil, diplomatik hü­cum taktikasına üstünlük vermiş, bütün çıxışlarında Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağı­nı və torpaqlarımızı azad etmək üçün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar etmişdir.

Azərbaycanın hərb tarixinə şərəf­li salnamə yazan Rəşadətli ordumuzun inamlı və möhtəşəm qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi xalqımızın və dövlətimizin milli dəyərlərə söykənən çoxsaylı cəhətləri ilə səciyyəvidir. Heç şübhəsiz ki, bizi bu zirvəyə aparan yol heç də hamar olmayıb, çox böyük çətinliklərdən, maneələrdən keçib. Bu savaş sübut etdi ki, böyük Qələbə heç də təsadüfi deyil, Ali Baş Ko­mandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin siyasi prioriteti kimi uğurla davam etdirilən ordu quruculuğu prosesinin nəticəsidir. Möhtəşəm Qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, pozulmuş hüquqla­rını özü bərpa etmək iqtidarındadır. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən 50 si­yasi partiya tərəfindən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatın imzalanması söy­lənənlərə əyani sübutdur. Qeyd edək ki, müharibənin gedişində 10 mindən çox erməni fərarinin mövcud ol­duğu zaman Azərbaycanda bir dənə də olsun belə hal qeydə alınmamışdır. Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasay­dı, biz heç vaxt torpaqlarımızı işğalçılar­dan azad edə bilməzdik” fikri xalqımızın ürəyində Vətən sevğisinin nə dərəcədə böyük olduğunun bariz sübutu­dur. Bu monolit birliyə arxalanan Ali Baş Komandanımızın çevik taktiki gedişləri, bənzərsiz diplomatiya bacarığı, kritik və­ziyyətlərdə hədəfləri və istiqamətləri düz­gün müəyyənləşdirmək qabiliyyəti, güçlü və dönməz iradəsi möhtəşəm Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən meyardır.

Müharibənin bitdiyi gün müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhə­rinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqı­na müraciətində demişdir: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixin­də əbədi qalacaqdır. Bu tarix əbədi yaşa­yacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfə­rimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir... Biz bü­tün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır...”

Tarixi Zəfər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəlik istedadının, onun həm siyasət, həm də döyüş meydanın­da sərgilədiyi uğurlu taktiki addımların, müzəffər ordumuzun qüdrətinin, igid əs­gər və zabitlərimizin qanlarının töküldüyü müqəddəs Qarabağ torpağının həsrətinə son qoymuş tarixi Qələbənin dünyaya nümayişidir. Azərbaycan xalqı bununla, ilk növbədə, bütün bəşəriyyətə sübut etdi ki, biz heç zaman bir qarış torpağımızı belə heç kəsə güzəştə getməyəcəyik. İşğaldan azad olunmuş Şuşada dalğa­lanan Qələbə Bayrağımızı parada gə­tirərək və qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirərək hərbi gücümüzü dünyaya göstərdik. Müharibənin dayandırılması məqsə­dilə imzalanmış üçtərəfli Moskva Bəya­natı Azərbaycan diplomatiyasının böyük tarixi Qələbəsi və mahiyyət etibarilə, Ermənistanın kapitulyasiyasını təsdiq edən sənəddir.

Qazanılmış Zəfər xalqımızı dünyaya qürurlu xalq kimi tanıtdı, onu ağır nisgildən xilas etdi, dünya azərbay­canlılarını “azərbaycançılıq” ideologiyası ətrafında daha sıx birləşdirdi, dünyaya əsl tolerantlıq nümunəsi bəxş edən xalqı­mızın daha yüksək dəyərdə milli özünü­dərk və öz gücünə inam hissinin möh­kəmlənməsi üçün tarixi zəmin yaratdı, gənclərimizin vətənpərvərlik duyğularını daha yüksəklərə qaldırdı. Bu Zəfəri Azərbaycan xalqına bəxş etməklə müzəffər Ali Baş Komandanımız həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbay­can yoxdur”, – söyləmiş Ulu öndərin ən ümdə arzusunu reallaşdırdı, onun vəsiy­yətinə əməl etdi.

Prezident cənab İlham Əliyev bu il oktyabrın 15-də 20 illik prezidentlik fəaliyyətinin hesaba­tını da məhz Xankəndidə verdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seç­kilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqla­rını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konsti­tusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoydu­ğum bütün vəzifələr icra edildi”.

Dövlətimizin başçısı regionumuzu böyük im­periyaların sərvət və geosiyasi maraqları uğrunda yüz illərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşa­yışı, əmin-amanlığı və sülh məkanına çe­virmişdir. Bu gün Cənubi Qafqaz öz tarixi, coğrafi, təbii sərhədlərinə qayıtmaqdadır. Bu, indiyədək misli görünməmiş yeni tarixi dönüş mərhələsinin, yeni intibah tarixinin təməlidir. Heç şübhəsiz ki, artıq regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulması ilə səciyyələnən hazırki dövr Azərbaycan tarixində İlham Əliyev dühasının yazdığı növbəti parlaq və şərəf­li səhifəyə çevriləcəkdir.

Bu il 8 noyabr tarixində Xankəndidə keçirilən parad, Azərbaycan tarixində suverenliyin tam bərpa olunmasından sonra ilk hərbi parad idi. Bu parad Azərbaycana qarşı mövqe tutan bütün qüvvələrə birmənalı mesaj oldu. Bu mesaj həm siyasi, həm hərbi baxımdan ciddi önəm daşıyır. Paradda çıxış edən Prezident İlham Əliyev dünyaya bir çox mesajlar verdi ki, bunlarda biri də birlik, həmrəyliklə bağlı idi. “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”,-deyə Prezident İlham Əliyev Xankəndidə keçirilən hərbi paraddakı çıxışında vurğulayıb.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər