PDF Oxu

Siyasət

  • 1 743

Yüksək diqqət və qayğının nümunəsi TƏHLİL

Yüksək diqqət və qayğının nümunəsi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”

Bu gün Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır.

Noyabrın 8-də Xankəndi şəhərındə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Dövlətimizin başçısı onu da vurğulayıb ki, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi parada çıxışında onu da bir daha vurğuladı ki, çıxışında bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.

ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ

Bu gün torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Xüsusilə də, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

«Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq»,- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 4 ildə 2 dəfədən çox artırılıb. Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda, 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Zəfər Günü ərəfəsində Prezident İlham Əliyevin Azərbaycan Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması ilə bağlı imzaladığı Fərmana əsasən həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb. Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 98 min 600 şəxsə müxtəlif xidmətlər göstərilib. Müharibə ilə əlaqədar əzalarını itirən və əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlər və reabilitasiya vasitələri ilə təminatı işləri də həyata keçirilib. Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, 2 min 35 şəxsə 46 min reabilitasiya vasitəsi verilib. Ümumilikdə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 52 min 400 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST konsepsiyası çərçivəsində yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Azərbaycanda müharibə ilə əlaqədar əlil olanların və şəhid ailələrinin üzvlərinin cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti əyani təcəssümünü ifadə edir.

Uğurlu antiterror əməliyyatlarından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb, burada yerləşdirilmiş sakinlərə psixoloq və sosial işçilər tərəfindən sosial xidmətlərin göstərilməsinə başlanılıb.

“AZƏRBAYCAN BU SAHƏDƏ DƏ DÜNYA MİQYASINDA ƏN QABAQCIL YERLƏRDƏDİR”

Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir: “Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib.

Çünki Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı 2023-cü ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı deyilənlərin bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.

Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

QAZİ VƏ ŞƏHİD AİLƏSİ ADINDAN SUİ-İSTİFADƏ HALLARINA NİFRƏTLƏ YANAŞIRLAR

Əlbəttə ki, Azərbaycan xalqı tükü-tükdən seçən həssas xalqdır və açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımız heç zaman bu cür hay-küyə qoşulmaz və dövlətin mənafeyin hər şeydən üstün tuturlar. Üzdəniraq insanların addımlarına sosial şəbəkələrdə təsadüf etdikdə, təəssüflənirik ki, Vətənə can fəda edən oğullarımızın adına kölgə salmaq niyyətində olan insanlar kimlərinsə sifarişlərini yerinə yetirirlər. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Xüsusilə də, bəzən mübahisələr olur ki, mənə dəbdəbəli ev tikdirməlisən və ya qəbirüstü abidə bahalı olmalı, başqalarınkından seçilməlidir. Bu, cəmiyyətdə qıcıq doğurur. Şəhidlər Vətən uğrunda canlarını fəda ediblərsə, onların adına verilmiş küçə adları da dəb xatirinə bir-birindən yüksək olmamalıdır. Çünki dövlət belə şəxslərə daim böyük diqqətlə yanaşır. Həmin kateqoriyadan olanların həyatının normallaşdırılması qəbul olunan bir sıra qəraralar, fərman və sərəncamlar deyilənlərin göstəricisidir. Dövlət həmin kateqoriyalı insanlara qayğı ilə yanaşır. Və bu gün qazilər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edənlərə qarşı bir olmalıdırlar, imkan verməməlidirlər ki, həmin çirkin qüvvələr onların qazi adına ləkə vursunlar.

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, veteranlar bizim qızıl fondumuzdur: «Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur."

Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımız bunu son 20 illik Prezidentlik fəaliyyəti müddətində aydın şəkildə göstərib: «Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam»,- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 20 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir. Çünki bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyalardan olan vətəndaşlarına daim qayğı və həssaslıqla yanaşır və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırır.

Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir və bunu da edir. Və bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Ancaq bu addan sui-istifadə halları isə şəhidin adına, ruhuna hörmətsizlik etməklə, bu böyük ada ləkə yaxanlar bilməlidirlər ki, Vətənə sevgi təmənnalı olmur.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər