PDF Oxu

Siyasət

  • 3 814

YAP: 31 il suveren və bütöv Azərbaycan uğrunda TƏHLİL

YAP: 31 il suveren və bütöv Azərbaycan uğrunda TƏHLİL

Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu ölkəmizin siyasi həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 ili tamam olur. Yeni Azərbaycan Partiyası həqiqətən də son 31 illik müstəqillik tariximizin böyük salnaməsini təşkil edir. Müstəqillik tariximizin son dərəcə ağır və keşməkeşli günlərində ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış və Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. Tarixi yolda xalqa və vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında müstəsna rol oynayıb. YAP-ın keçdiyi yolda əldə olunan qələbələrin kökündə Ümummilli Lider Heydər Əliyevin ideyaları, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanır.
Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi.

AZƏRBAYCAN XALQININ ÇAĞIRIŞ İFADƏSİ

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən, Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Qarabağ cəbhəsində cərəyan edən məğlubiyyətlər davam edirdi. Qarabağ əhalisi doğma yurdlarından qovulur, onlara vəhşicəsinə divan tutulur, ev-eşikləri yandırılırdı. Azərbaycanın parçalanması təhlükəsi xalqımızın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Azərbaycanın çətin günlərində bütün xalqımızın gözü Naxçıvana dikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Yalnız Heydər Əliyev kimi güclü və dəmir iradəli Şəxsiyyət ölkəni yaranmış vəziyyətdən xilas edə bilərdi. Xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi. Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Beləliklə, çox çətin vəziyyətdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.

XALQIN SABAHINA HESABLANMIŞ MÜTƏRƏQQİ SİYASƏT

Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı.

"ONUN DƏMİR İRADƏSİ, XALQIN ONA OLAN SEVGİSİ, RƏĞBƏTİ AZƏRBAYCANI, BAX, BU MÜSTƏQİLLİK YOLUNA ÇIXARIBDIR"

Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Bu gün artıq YAP-ın yaranma tarixindən 31 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 18 ildə görülən işlər bunun deməyə əsas verir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir.
Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Ötən iyirmi il, aydın şəkildə göstərdi ki, İlham Əliyevin Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində dövlət başçısı verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir.
Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmışdı. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. YAP-ın VII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. VII Qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev Qurultayda çıxışı zamanı bildirdiyi kimi, "Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın." Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkandır və bu partiyanın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni, Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. "İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır" – deyən Cənab Prezident bildirib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır: "Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb."
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər