Prezident İlham Əliyev: "XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir"
44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində Azərbaycanı böyük tarixi qələbəyə apardı. Bu qələbəni qazanmağımız 44 gün ərzində olsa da, Azərbaycanda aparılan ordu quruculuğu işləri, dövlətimizin iqtisadi gücünün artması, dünya birliyində nüfuzunun yüksəlməsi, uğurlu diplomatik siyasət xalqımızı qələbəyə doğru aparırdı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyinin olması, eləcə də döyüşkənlik əzmi, Qələbə əzmi idi. Böyük qəhrəmanlıq dastanına çevrilən uğurlu əməliyyatlar dünya dövlətləri tərəfindən belə, izlənilirdi. 30 ilə yaxın işğalda olan ərazilərimizdə düşmən tapdağından azad olunaraq, qürurumuz olan Azərbaycan bayrağı dalğalandırılırdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin".
Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq. Xüsüsilə də Böyük Sərkərdəlik, Liderlik bacarığına malik dövlət başçımızın rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi qaçılmaz idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Regionun hazırlıqlı Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur.
"QƏLƏBƏNİ ƏLDƏ EDƏN ƏLİNDƏ SİLAH ƏSGƏRDİR, ZABİTDİR"
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. "Ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir"- deyə Prezident bildirib.
Müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindəndir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə öz gücünü göstərdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inamımız sonsuz idi. Nəhayət, həmin zaman yetişdi.
MÜKƏMMƏL HƏRBİ STRATEGİYA VƏ TAKTİKA DÖYÜŞ MEYDANINDA
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vətən müharibəsində qazanılan zəfər bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu. Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var.
"AZƏRBAYCAN XALQININ ÇOXƏSRLİK TARİXİNDƏ BUNA BƏNZƏR PARLAQ QƏLƏBƏ OLMAMIŞDIR"
Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi və uğurlu "Dəmir yumruq" əməliyyatı ilə qısa bir zamanda işğalda olan torpaqlarımız azad olunurdu. Xalq-Ordu-Lider birliyi sayəsində bu Qələbəni qazanmış olduq. Qələbəmizdə şəhidlərimizin böyük rolu olub. Məhz onların qanı-canı bahasına Qarabağımız azadlığına qovuşdu. "O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik" – deyən Prezident qeyd edib ki, ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir: "Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik."
Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxışında bildirmişdir ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır. Artıq bu tarixi yaşadıq. "Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır", deyən Prezident qeyd edib ki, qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.
"20 SENTYABR 2023-CÜ İL BİZİM TARİXİMİZDƏ QALACAQ, NECƏ Kİ, 8 NOYABR"
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru oldu. "Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr." Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur.
Zümrüd BAYRAMOVA