PDF Oxu

Siyasət

  • 3 638

Xankəndi 2023 - Hüquqi Vəziyyət Azərbaycanın əlindədir ŞƏRH

Xankəndi 2023 - Hüquqi Vəziyyət Azərbaycanın əlindədir ŞƏRH

2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsi özü ilə yeni reallıqlar gətirdi və çoxları üçün regionun geosiyasi xəritəsini dəyişdirən tarixi məqam oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın sarsıdıcı qələbəsi ilə nəticələnərək, təkcə regionun deyil, bütün dünyanın tarixində öz izini qoyub. Azərbaycan dünya ictimaiyyətinin diqqət obyektinə çevrilərək, Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbə qazandı. Bu regionun tarixinin mürəkkəbliyinə baxmayaraq, Azərbaycanın bu münaqişədəki haqq yolunda tarixi uğurunu əsaslandırmaq üçün kifayət qədər əsas və səbəblər mövcuddur. Azərbaycanın 44 gün ərzində sarsıdıcı qələbəsi texnoloji üstünlük, hərbi hazırlıq, iqtisadi dayanıqlıq, lider faktoru və xalq həmrəyliyini birləşdirən koordinasiyalı səyin nəticəsi idi. Bu münaqişədə Azərbaycanın qələbəsi dünya tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də müasir hərbi münaqişələrdə müasir hərbi texnologiyanın və beynəlxalq diplomatiyanın əhəmiyyətini ciddi şəkildə vurğuladı. Xankəndinin işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım oldu. Vaxtı ilə bu məsələlərə lazımı əhəmiyyət verməyən bir çox beynəlxalq birliklər və təşkilatlar, o cümlədən BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, qəbul edib. Xankəndinin qaytarılması bu prosesin mühüm elementi oldu. Bu tarixi hadisə, Azərbaycana bu ərazini idarə etmək üçün hüquqi və beynəlxalq səviyyədə tanınmış əsas verdi. Bu da onu göstərir ki, Azərbaycan dünyanın mühüm subyekti olaraq, regionda istənilən müstəvidə sülh və sabitlik, haqq və ədalət yolunda vəziyyətə nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda əsaslı çıxışı zamanı, müasir reallıqlar və onların əhəmiyyəti istiqamətində nitqi, dünyadakı gündəmə ciddi səs salaraq, ölkəmizin hüquqi statusuna əlavə rəng qataraq, xalqımızı daha da ruhlandırdı və fərəhləndirdi.Xankəndində paradın təşkili Azərbaycan üçün mühüm hadisə oldu. Belə bir hadisə suverenliyin və ərazi bütövlüyünün bərpasının rəmzi olmaqla yanaşı, ölkənin işğaldan azad edilmiş ərazilərdə birləşməyə və inkişafa hazır olduğunu nümayiş etdirdi. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda hüquqi mövqeyini tanıdığını nümayiş etdirdi.

Xankəndinin onilliklər boyu işğaldan sonra Azərbaycanın nəzarətinə qayıtması, regionun müasir tarixində mühüm rol oynayır. Bu hadisə təkcə ərazi qayıdışını qeyd etmir, həm də geniş siyasi, sosial və iqtisadi nəticələrə malikdir, o cümlədən dövlətimizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir və onun suverenliyini təsdiq edir, regionda siyasi sabitliyə töhfə verir. Bu tədbir Azərbaycana münaqişələri idarə etmək və mürəkkəb beynəlxalq problemləri həll etmək bacarığını nümayiş etdirmək imkanı verən yeni təhlükəsizlik strategiyalarının və ölkələr arasında əməkdaşlığın inkişafı üçün təməl ola bilər ki, bu da onun dünya miqyasında nüfuzunu artırır.

Ölkə tarixində şəxsiyyət faktorunu nəzərə alaraq, qeyd edilmədir ki, Dövlət Başçısı cənab İlham Əliyev Azərbaycanın tarixində nəhəng şəxsiyyətə çevrilmişdir. Onun qətiyyətli fəaliyyəti, liderliyi və ölkənin inkişafına strateji baxışı ona Azərbaycan xalqının ümidlərini doğrultmağa imkan verdi. Cənab İlham Əliyevin uğurunun əsas tərkib hissələrindən biri, onun İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatları səmərəli idarə etməsi olub. Ali Baş Komandan Azərbaycan ordusuna, Birinci Qarabağ müharibəsindən sonra Ermənistan qoşunları tərəfindən işğal olunmuş ərazilərə nəzarəti uğurla bərpa etməyə imkan verən operativ qərarlar verdi. Cənab Prezident, o cümlədən regionda sülhün əldə olunması istiqamətində yüksək səviyyədə diplomatik məharət nümayiş etdirdi. Onun rəhbərliyi altında atəşkəs əldə olundu, sonra isə hərbi əməliyyatların sonunu birləşdirən saziş imzalandı. Bu addım ərazi bütövlüyünün bərpasına gətirib çıxarmaqla yanaşı, regionda sabitliyə də töhfə verib.

Dövlətimizin Başçısı təkcə hərbi aspektlərə deyil, həm də ölkənin iqtisadi inkişafına diqqət yetirirdi. Müharibə başa çatdıqdan sonra dağılmış infrastrukturun bərpası, yeni iş yerlərinin yaradılması və iqtisadi artımın stimullaşdırılması istiqamətində addımlar atıldı. Cənab Prezident öz xalqının mənafeyini qorumaqla, firavanlığı və təhlükəsizliyi təmin etmək üçün səy göstərməklə, milli liderlik nümayiş etdirdi. Hərbi əməliyyatlar dövründə və müharibədən sonrakı dövrdə cənab İlham Əliyev ölkənin və vətəndaşların mənafeyinə uyğun olaraq çətin qərarlar qəbul etməyə hazır olan təcrübəli rəhbər kimi çıxış edib və bu gündə uğurla davam edir.

Cənab İlham Əliyev gözləntiləri aşaraq münaqişənin uğurla həllinin beynəlxalq aləmdə tanınmasına nail oldu. Diplomatik fəallıq və məharət, beynəlxalq dəstəyin təmin edilməsində əsas amillərə çevrilmişdir. Ali Baş Komandanın Xankəndidəki tarixi hərbi parad zamanı dediyi kimi: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”. Nəticədə, cənab İlham Əliyev öz qərarları və əməlləri ilə ölkəsinin, xalqının mənafelərinə sadiqliyini sübut etdi. Müharibə zamanı və müharibədən sonra onun ruhlandırıcı rəhbərliyi, gələcəyə inam və nikbinliklə baxan strateji və nüfuzlu lider kimi rolunu təsdiqlədi. Bu gün Azərbaycanın ərazi bütövlüyü regionda sülhün, sabitliyin və inkişafın möhkəmlənməsində mühüm rol oynayır. Bu bütövlüyün qorunub saxlanması təkcə ölkə daxilində deyil, həm də onun ətrafında rifahı təmin etmək üçün əsas olan dinc münasibətləri, əməkdaşlığı və davamlılığı təşviq edir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər