Siyasət

  • 2 913

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir ŞƏRH

image

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Bu iki dövlətin ərazisində yaşayan xalqları yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Hal-hazırda 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri böyük əhəmiyyətə malikdir. Bu baxımdan cənab prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfəri xüsusi əhəmiyyət daşıyır. Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılaşıblar.

Bildiyimiz kimi, noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Dövlət başçısının Zirvə toplasındakı çıxışı zamanı iki dövlət arasında strateji tərəfdaşlığın uğurla davam etdirilməsi xüsusilə vurğulanıb. Cənab prezident bildirib ki, hər səfərində Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olur. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edib. Məlumdur ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu halın iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirməsini də dövlət başçımız diqqətə çatdırıb.Cənab Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsindən danışaraq bu münasibətlə Azərbaycan xalqını təbrik edən ECO üzvlərinə təşəkkür edərək deyib: “ Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.

2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.

İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.

Noyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Görüş əsnasında Özbəkistan Prezidenti ikitərəfli əlaqələr qarışdakı illərdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur. Qarabağ bölgəsində gedən yenidənqurma işlərini çox yüksək qiymətləndirib.

Öz növbəsində cənab prezident İlham Əliyev də bütün işlərimizdə özbək xalqının dəstəyini hiss etdiyimizi bildirib və qeyd etdiyimiz Zəfər Günü ilə bağlı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbriklərə görə təşəkkür edib.

Mütəmadi qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edən dövlət başçısı vurğulayıb ki, keçirilən görüşlərdə sənaye kooperasiyası, kənd təsərrüfatı, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur.Prezident İlham Əliyev qeyd edib ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin əlaqələrin genişləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.Cənab Prezident eyni zamanda Füzulidə Özbəkistan Respublikasının maliyyə dəstəyi ilə Mirzə Uluqbəy adına məktəbin inşasına görə də Özbəkistan Respublikasının prezidentinə öz minnətdarlığını bildirib.

Biz ümid edirik ki, Azərbaycan və Özbəkistan Respublikaları arasındakı əməkdaşlıq daima uğurla inkişaf edəcək.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər