İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra daxil olduğu ilk hökumətlərarası qurumdur. Təşkilata üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. ECO-nun fəaliyyətinə daim böyük önəm verən Azərbaycan bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. 2006 və 2012-ci illərdə ölkəmiz ECO Zirvə Toplantılarına ev sahibliyi etmişdir. ECO-ya üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər.
2002-ci ildə İstanbulda keçirilmiş ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə Ulu öndər Heydər Əliyevin təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakı şəhərində təsis edilməsi təklifi 2006-cı ildə Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülmüş və 2021-ci ilin mart ayında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans formatda keçirilmiş XVI toplantısında Mərkəzin nizamnaməsi imzalanmışdır. Bu təşəbbüs təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmişdir.
ECO-nun 2021-ci ilin noyabr ayında Aşqabadda keçirilən Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə deyilir: “... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”
Bu ilin 9 noyabr tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısında təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini, Özbəkistana işgüzar səfərləri zamanı hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olduğunu bildirib. Dövlət başçımız qeyd edib ki, Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının işində üzv kimi fəal iştirakını vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir ay əvvəl Təşkilatın Nazirlər Şurasının iclası 30 illik işğaldan azad olunmasının üçüncü ildönümünü qeyd edən Şuşa şəhərində keçirilib.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğunu bəyan edən dövlət başçısı son illərdə özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycanın Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb və qeyd edib ki, hazırda hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır və bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.
Ölkəmizdə olan münbit sərmayə iqliminin müsbət nəticələrindən danışan ölkə başçısı qeyd edib ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Belə ki, dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq.
Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası olan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xatırladan Prezident İlham Əliyev məlumat verib ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və 20 faiz torpaqlarımızı 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi haqqında tarixi yad edən Prezident İlham Əliyev nəzərə çatdırıb ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Cənab Prezident qürurla əlavə edib ki, biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik.
Çıxışının sonunda Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri