Prezident cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Dövlət başçısının düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir. Ölkəmizin aparıcı üzvlərindən olduğu və uğurla əməkdaşlıq etdiyi təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO).
Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb və Azərbaycan quruma 1992-ci ildə üzv olub. İqtisadi Əməkdaşlıq Təşkilatının - sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; kənd təsərrüfatı sahəsi; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 komitəsi var. Xatırladaq ki, komitələr ildə bir dəfə bir araya gəlir. Həmçinin də Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıbdır. Ölkəmiz ötən müddətdə təşkilatın işində öz fəallığı ilə seçilib və təşkilata üzv olan digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Qeyd edək ki, təşkilat üzvlərinə xas mühüm məqamlardan biri də təşkilata üzv dövlətləri ortaq tarixi, iqtisadi və siyasi maraqların birləşdirməsidir.
İƏT-in fəaliyyətinə Azərbaycanın daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Başqa tərəfdən ölkənin 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi ECO nəzdində Azərbaycana olan etimadın göstəricisidir. Bu toplantılarda qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra siyasi, sosial-iqtisadi əlaqələrin əsas istiqamətləri, qarşılıqlı münasibətlərin prioritetləri öz əksini tapmışdır. Eləcə də, ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin ev sahibi kimi təsdiqlənməsi Azərbaycana olan etimadın daha bir göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin bu yaxınlarda ECO-nun Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı Zirvə toplantısında iştirak etməsi Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi əhəmiyyətin daha bir nümunəsidir.
Ölkə başçısı cənab İlham Əliyevin ECO-da mühüm fəaliyyət istiqamətlərindən biri olan energetika sahəsi ilə bağlı çıxışında qeyd etdiyi kimi Azərbaycanın günəş və külək enerjisi ilə zəngin bir ölkə kimi ölkənin enerji ehtiyaclarının ödənilməsində bərpa olunan enerji ehtiyatlarına etdiyi və yaxın gələcəkdə, ən əsası da, işğaldan azad olunmuş ərazilərimizdə hidroelektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı planlaşdırdığı yatırımlar həm də İƏT-in işinə və onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə verdiyi önəmdən irəli gəlir.
Azərbaycan tərəfindən üzv dövlətlərlə təşkilatın fəaliyyət istiqamətlərinə uyğun qarşılıqlı əlaqələrin qurulması, onlarla iqtisadi əlaqələrin genişləndirilməsi, illik ticarət dövriyyəsinin artırılması, mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətlərində mütəmadi olaraq atılan addımlar, edilən təkliflər, göstərilən təşəbbüslər ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına töhfə verir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini