PDF Oxu

Siyasət

  • 1 558

"DOST EVİ": həssas təbəqələrə sosial dəstək TƏHLİL

"DOST EVİ": həssas təbəqələrə sosial dəstək TƏHLİL

Dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Sosial siyasət əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilərək insanların layiqli həyat şəraitinin təmin edilməsinə, bu təminatın səviyyəsinin yüksəlməsinə töhfələr vermiş olur. Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu və ya digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin nəticəsi olaraq həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını vurğulamaq lazımdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Xatırladaq ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

HƏSSAS QRUPLARDAN OLAN ŞƏXSLƏRƏ SOSİAL DƏSTƏK

Ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial dəstək tədbirləri təqdirəlayiqdir. Son illər xüsusi kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin əhatəsi genişlənmişdir.
Bildiyimiz kimi, noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılışında iştirak ediblər.
Mərkəzin fəaliyyət istiqamətləri əsasən musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və s. ibarətdir. Fəaliyyət dövrü ərzində 470 benefisiar Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Hazırda Mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür.
İsmayıllıdakı "DOST EVİ" də həmin Mərkəzin filialı kimi fəaliyyət göstərəcək. Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis sistemləri ən yüksək tələblərə cavab verir.
Filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək.
Sərgi və Satış Mərkəzində benefisiarların hazırladıqları əl işlərinin nümayişi, həmçinin satışı həyata keçiriləcək. "DOST EVİ"ndə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir. Bölgədə yaşayan və "DOST EVİ"nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək.
"DOST EVİ" bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək. Filialda 50-80 nəfər benefisiar üçün 6 ay – 2 il müddətində təlimlər-kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək. Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində işə cəlb edilərək ictimai iaşə xidmətləri təşkil olunacaq. Burada qonaqlara ekoloji təmiz məhsullardan hazırlanan və milli kulinariya nümunələri olan keyfiyyətli qidalar, un məmulatları təqdim ediləcək. Filialın bio-market sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılacaq.
"DOST EVİ" bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək.

REALLAŞDIRILAN SOSİAL ƏDALƏT PRİNSİPİ

Göründüyü kimi, cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması diqqətdə saxlanılır. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə və dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının, vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər