PDF Oxu

Siyasət

  • 2 914

Qərbi Azərbaycanda etnik təmizləmə və soyqırımı TƏHLİL

Qərbi Azərbaycanda etnik təmizləmə və soyqırımı TƏHLİL

Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdılar. Mərhələ-mərhələ gerçəkləşdirilən məlum plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da yalnız azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur. 1988–1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Əlbəttə ki, bu statistikada həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
BÖYÜK BİR İRSİN NÜMUNƏLƏRİ İRƏVANDADIR
1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbristanlığı erməni tapdağı altında qaldı və həmin qəbristanlıqların əksəriyyəti yer üzündən silindi. Mənbələrə görə, bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib.
Qərbi Azərbaycan ölkəmizin tarixinə görə ən qədim bölgələrdən biridir. Burada mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir.
Əsasən, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisini sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Ermənistanı tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər. "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.
Bu və ya digər hadisələr dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Dünya buna, bu ədalətsizliyə susurdu. Necə ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizin erməni təcavüzkarlarından azad olunmasına sülh yolu ilə nail ola bilmədik.
Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Xarici havadarları tərəfindən himayə olunan terrorçu Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. 44 günlük Vətən müharibəsində, istərsə də cari ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib və Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz suverenliyini bərpa edib. Amma bugünki Azərbaycan reallıqlarını qəbul etməyənlər var. Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməz bir bir xalq kimi təqdim edib.
Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün təmin edilməsi, gələcəkdə birgəyaşayış üçün münbit şəraitin yaradılması istiqamətində təşəbbüslər göstərir. Belə olduğu halda, Ermənistan tərəfindən azərbaycanlıların geriqayıtma hüququnun təmini istiqamətində hər hansı bir iş görülmür. Bu gün sivil dünyada yaşadığımız zamanda ikili standartlar beynəlxalq riyakarlığın təzahürüdür.
AZƏRBAYCANA NƏ İSƏ DİKTƏ ETMƏK BU GÜNÜN REALLIQLARINDAN KƏNARDIR
Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsinin təzahürüdür.
Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri əlbəttə ki, qəbulolunan deyil. Azərbaycana nə isə diktə etmək bu günün reallıqlarından kənardadır.
Beynəlxalq nüfuza malik Azərbaycan müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən dövlətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər