PDF Oxu

Siyasət

  • 2 843

Azərbaycan–Türkiyə – Maraqlara deyil, dəyərlərə əsaslanan Qalib liderlərin qardaşlıq birliyi

Azərbaycan–Türkiyə – Maraqlara deyil, dəyərlərə əsaslanan Qalib liderlərin qardaşlıq birliyi

PREZİDENT İLHAM ƏLİYEV: “Siz də, Mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”

TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: «Səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır»

Bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalq bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “TÜRKİYƏ BURADA YOXSA DA, MƏN BURADAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM”, SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər olaraq Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçısı sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq».

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: «ERMƏNİSTAN QARABAĞ MÜHARİBƏSİNDƏ DƏRSİNİ ALDI»

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında çıxış edərkən söyləyib: «Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub».

Türkiyə prezidenti qeyd edib ki, türk milləti olaraq bu torpaqlarda azad, namuslu, dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq: “Siyasi, iqtisadi, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bizə bu torpaqlarda yaşamağa imkan verməzlər”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin, Qəzza zolağındakı vəziyyəti Dağlıq Qarabağ ətrafında baş verənlərlə müqayisə edib. Türkiyə dövlət başçısı bildirib ki, Ermənistan Qarabağ münaqişəsindən dərs aldığı kimi İsrail də Yaxın Şərqdəki münaqişə nəticəsində dərsini alacaq: «İsrail də məyus olacaq. Nə qədər ki, biz 85 milyon insan birik, bizi heç kim sındıra bilməz. Ona görə də güclü və müasir ordu bizim üçün zərurətdir».

Bütün bu qardaşlıq münasibəti ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir» və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Və 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış…

102 İL GECİKMİŞ BİR SƏNƏDİ – “ŞUŞA BƏYANNAMƏ”Sİ İKİ QARDAŞ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİ YENİ MÜSTƏVİYƏ ÇIXARAN TARİXİ VƏ SİYASİ ÖNƏM KƏSB EDƏN MÜTTƏFİQLİK HAQQINDA HÜQUQİ SƏNƏD OLDU

15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Türkiyə və Azərbaycan, həmçinin 102 il gecikmiş bir sənədi – Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda bildirir ki, biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir: «Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik».

Məhz bu əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlərin növbəti təzahürü isə, cari ilin iyunun 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana gerçəkləşdirmə təqvimi, ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olması, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin, bu münasibətlərin maraqlara deyil, dəyərlərə əsaslanmasının dünyaya bir mesajı olmaqla, öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına güclü ölkənin güclü liderlərinin bu dəyərlərin gücü ilə çıxmaları və onlara öz yerlərini göstərmələridir. Və bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!

Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: «Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!».

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər