Ümummilli lider milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi - nəzəri bir irs ərməğan etdi-həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi Azərbaycan dövlətinin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə ölkəmizin inkişafı üçün də başlıca mənbə rolunu oynayacaqdır.
Ümummilli liderin kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasından asılı olmayaraq bənzərsiz, müqayisə olunmaz tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyətlər, dövlət xadimləri tarix yaradır, tarixçilərin vəzifəsi isə bu tarixi həqiqi, olduğu kimi yazmaqdan ibarətdir. Əlbəttə, tarixi yazanlar onu yaradanlar qədər əhəmiyyətli olmasalar da, gələcək nəsillər qarşısında onların da üzərinə böyük məsuliyyət düşür. Çox az dövlət xadimi, siyasətçi tapılar ki, bu qədər böyük müddətdə öz xalqına, millətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bilsin.
Ulu öndəri təkcə Azərbaycan xalqı, milləti yox, bütün türk millətləri və xalqları, müsəlman dünyası sevir və onunla fəxr edir. Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. ABŞ-da onu Corc Vaşinqtonla, Almaniyada Konrad Adenauerlə, Fransada Şarl De Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Bu böyük tarixi şəxsiyyət konkret olaraq bir siyasi sistemə, ideologiyaya sığmayan lider idi. İdeologiyalar ona sığır, o isə bu ideologiyalara sığışmırdı-o, hər bir ideologiyanı öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. Ulu öndər ideologiyanın əsirinə çevrilmirdi-bir siyasi lider və tarixi şəxsiyyət kimi öz ideologiyasını düşünən və yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardandır. İndiyə qədərki tarixi şəxsiyyətləri biz təhlil etsək, onlardan hər birinin bir siyasi sistemin və mövcud konkret tarixi dövrün qəhrəmanı, lideri olduğunun şahidi olarıq. Məsələn, Böyük Pyotr XVIII əsrin əvvəllərində Rusiyanın çarı idi. O, çar Rusiyası hüdudları daxilində, həmin ictimai-siyasi sistemin qanunları çərçivəsində islahatlar apardı. Mustafa Kamal Atatürk XX əsrin əvvəllərində Osmanlı imperiyasının generalı kimi Türkiyəni xarici qəsbkarların hücumundan qorudu və müstəqil Türkiyə Respublikasını qurdu. Lenin və Stalin sovet dövrünün, Ruzvelt və Çörçill isə kapitalist Qərb dünyasının XX əsrin birinci yarısında yaşamış və fəaliyyət göstərmiş liderləri idilər. Yalnız mənsub olduqları mövcud siyasi sistemin və şəraitin qəhrəmanı olan bu liderlərin bəziləri inqilabçı, bəziləri islahatçı-reformator, bəziləri konservator, bəziləri də diktator kimi tarixdə qaldılar. Amma Ulu öndərdə bu liderlərdən heç birinə məxsus olmayan xüsusiyyətlər vardır-onun özünəməxsusluğu, bənzərsizliyi ondan ibarətdir ki, tarixi şəxsiyyət kimi, o, həm sovet dövrünün, həm də müasir dövrümüzün lideri və qəhrəmanı olmuşdur. İki müxtəlif ictimai - siyasi quruluşda, müxtəlif baxışların hökmran olduğu dövrdə o, eyni məharət və bacarıqla, sevgi və istəklə öz xalqına və dövlətinə rəhbərlik etmiş, eləcə də dünya tərəfindən də eyni dərəcədə qəbul olunun və rəğbətlə qarşılanır.
Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək vacib bir vəzifə idi. Bu vəzifəni həyata keçirərkən, təbii ki, millətin vahid ideya ətrafında birləşdirilməsi zərurəti yaranmışdır. Ulu öndərin “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”-məşhur kəlamı həmişə xalqımız üçün örnəkdir. Dünyanın hər yerində dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf fonunda gələcəyin etibarlı təminatı intellektual səviyyəsi və hərtərəfli potensialı yüksək olan kadrların yetişdirilməsindən, cəmiyyətin bütün sahələrində gənclərin yaxından iştirakının təmin edilməsi ilə onların imkanlarından səmərəli istifadə olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ümummilli lider bütün sahələrdə meqainkişafa nail olduğu kimi, gənclər siyasəti sahəsində də ciddi işlərin reallaşdırılmasının vacibliyini müəyyənləşdirdi, bu istiqamətdə böyük addımlar atıldı. Bu gün xalqımız Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi, sosial - mədəni həyatında yaxından fəal iştirakına, həmçinin, plüralist demokratiyanın mövcudluğunun əsas şərtlərindən olan vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin də öz dəyərli töhfələrini vermə imkanlarının yaradılmasına görə məhz Ümummilli liderə borcludur.
Hələ 70-ci illərdə gənclər bu dahi şəxsiyyətin qayğısını öz üzərilərində hiss etmişdirlər-keçmiş İttifaqın aparıcı ali və hərbi məktəblərində azərbaycanlı gənclərin təhsil alaraq yüksək ixtisaslı mütəxəssis olmasına şərait yaratmış, İttifaq miqyasında həyata keçirilən böyük tədbirlərdə, nəhəng tikinti kompaniyalarında onların iştirakını təmin etmək sayəsində böyük işlər görmüşdür. Gənclər üçün belə geniş imkanlar əsası Ulu öndər tərəfindən qoyulan, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni - yeni elementlərlə mükəmməlləşdirilərək davam etdirilən uğurlu gənclər siyasəti sayəsində yaradılmışdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti fərdi qaydada hər bir gəncə cəmiyyətdə özünü təsdiq etməsi, yüksək bilik və bacarıqlar qazanması, dövlətinin dəyərli vətəndaşına çevrilməsi üçün unikal zəmin və şərait yaratmışdır. Həyata keçirilən gənclər siyasətinin leytmotivini Azərbaycan Respublikasının daha da inkişaf etməsi, dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində gənclərin potensialından geniş və səmərəli istifadə edilməsi, bunun üçün gənclərə münasib şəraitin yaradılması və yüksək intellektli, bacarıqlı və ali mənəvi dəyərlərə malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil edir.
Bu siyasətin uğurlu, sarsılmaz bünövrəsini Ümummilli lider qoymuşdur-ali siyasi hakimiyyətə gəlişi ilə hər bir Azərbaycan gənci onun sonsuz qayğısını və dövlətin himayəsini hiss etməyə başlamışdır. 1995 - ci ilin mart ayında dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq görüşü oldu-bu görüşdə Ümummilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. O, qeyd etdi ki, dövlət gənclərin sağlam ruhda tərbiyə alması üçün tədbirlər həyata keçirməlidr. 1996-cı ilin fevral ayının 2-də Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi-bu forum hər bir azərbaycanlı gəncin həyatında olduqca əlamətdar hadisə idi. Forumda Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı gənclər siyasətinin dəqiq konturlarının müəyyənləşdirilməsi gənclərdə sabaha böyük ümidlər yaratdı, hər bir gənc Ümummilli liderin simasında etibarlı himayədarının olduğunu dərk etdi. Azərbaycanın müxtəlif bölgələrindən olan 2 minədək gəncin iştirakı ilə keçirilən forumda Vətənini sevən, milli dəyərləri və dövlətçilik prinsiplərini hər şeydən uca tutan, yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi ilə bağlı ayrı - ayrı dövlət orqanlarının üzərlərinə düşən vəzifələr və məsuliyyət müəyyənləşdirildi. Bununla yanaşı, Azərbaycan Gənclərinin I Forumu hər bir gəncin öz üzərinə düşən vəzifələri dərk etməsi baxımından da əhəmiyyətli idi. Bu forum və Ulu öndərin Azərbaycan gənclərinin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində atdığı növbəti addımlar gənclərin gələcək inkişafına böyük stimullar yaratmış oldu.
1999 - cu il martın 2–3- də II form keçirildi-forumun işində yaxından iştirak edən Ümummilli lider gənclərə, öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün hər cür şəraitin və imkanların yaradılmasının, müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində onların potensialından səmərəli istifadə etməyin vacibliyini bir daha səsləndirdi və bütün dövlət orqanlarına bununla bağlı göstəriş və tövsiyələrini verdi. Beləliklə, ən yüksək mənəvi, intellektual və fiziki keyfiyyətlərə malik olan Azərbaycan gəncliyinin formalaşması istiqamətində həyata keçirilən dövlət siyasətində müdhiş bir dinamiklik hiss edilirdi.
Ulu öndər 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi ilə bağlı Fərman imzaladı-bununla o Azərbaycanda həyata keçirilməsinə start vermiş olduğu gənclər siyasətinin özülünü daha da möhkəmləndirdi. Ümummilli lider böyük müdrikliklə müəyyənləşdirdi ki, digər sahələrdə olduğu kimi, gənclərin səmərəli inkişafı istiqamətində də həyata keçirilən fəaliyyətin səmərəliliyini və uğurunu təmin etmək üçün lazımi qanunvericilik bazasının formalaşdırılması zəruridir. Ulu öndər Azərbaycan gənclərinin ilk forumunun keçirildiyi vaxtdan etibarən bu istiqamətdə olduqca böyük işlər gördü. Belə ki, 1996–2002-ci illər ərzində Ulu öndərin “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” imzaladığı fərman və sərəncamlar müasir Azərbaycan gəncliyinin formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğuruna təminat verdi.
Ümummilli lider tərəfindən Azərbaycan gəncliyinin formalaşdırılması istiqamətində imzalanan bütün fərman və sərəncamlar, atılan bütün addımlar hər bir Azərbaycan gəncinin respublikamızın ictimai - siyasi həyatında yaxından iştirakı üçün geniş imkanlar açmaqla yanaşı, ayrı-ayrı dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsini şərtləndirmişdir. Ulu öndər demişdir ki, “XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub - yaratmaq və inkişaf etdirmək dövrüdür”-bu Ümummilli liderin Azərbaycan gənclərinə hədsiz dərəcədə böyük etimad göstərməsi demək idi-bu etimad hər bir gəncin üzərinə böyük məsuliyyət qoyur və hər bir gənc əlindən gələni etməlidir ki, Ulu öndərin gənclərə göstərdiyi böyük etimadı doğrulda bilsin. Ulu öndərin müasir gənclərin vətəninə, xalqına layiq, hərtərəfli hazırlıqlı övlad kimi yetişməsinin qeydinə qalmaqla yanaşı, sabahın da gənclərini düşünürdü. Onun gərgin əməyi və səyləri nəticəsində Azərbaycan malik olduğu zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün iri layihələrə imza atmışdır. Əldə olunan gəlirlərdən ölkənin bütün infrastrukturlarının inkişafında səmərəli istifadə edildiyi kimi, gənclərin də inkişaf etdirilməsi və gələcək nəsillərin rifah halının təmin edilməsi istiqamətində də geniş istifadə olunur. Ümummilli liderin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılması və fondun maliyyə ehtiyatlarının əsas hissəsinin gələcək nəsillər üçün nəzərdə tutulması bir daha ölkədə gənclərin bu gününün və sabahının ən yüksək səviyyədə, etibarlı təminatı haqqında düşünüldüyünü sübut edir.
Ümummilli lider gənclərin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirirdi. Bunun üçün aidiyyatı dövlət qurumlarının və təşkilatların imkanlarının səfərbər edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərirdi, gənclərin problemlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilən hər bir tədbirə, atılan hər bir addıma böyük önəm verirdi. Ulu öndər gənclərlə bağlı reallaşdırılan siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Müasir qloballaşma dövründə elmi - texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi - mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir. Şərq-ərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti alimlərin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderin təbirincə desək, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Keçid dövrünün bəzi ziddiyyətli və neqativ prosesləri fonunda gənc nəslin yüksək mənəvi - əxlaqi dəyərlər, ali milli və bəşəri ideallar əsasında düzgün tərbiyə olunması, kamil şəxsiyyət kimi yetişməsi baxımından pedaqoji fəaliyyətin düzgün təşkili, habelə bu sahədə geniş maarifləndirmə işinin aparılması məsələləri günümüzün əsas problemidir. Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Müasir tərbiyədə məktəbli - müəllim - valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Bu baxımdan tərbiyənin ümumi sosial funksiyası, məqsəd və vəzifələri, qanunauyğunluqları, eləcə də əsas prinsipləri araşdırılmalıdır. Milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə, orta və ali məktəblərdə davam etdirilməlidir. Şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin rolu böyükdür. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir.
Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli - mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsi Ulu öndərin arzusu, günün mühüm tələbidir. Gənclərin təlim - tərbiyə işinin təşkilində islam əxlaqının rolu xüsusi önə çəkilməli, gənclərin dünyagörüşündə islam dəyərlərinin xüsusi rol oynadığı vurğulanmalıdır. Bütün bu əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərdə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu da qeyd olunmalıdır. Eyni zamanda gənclərdə dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına – Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir. Ulu öndər qeyd edirdi ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. Oz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ogey munasibət bəsləməz. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağlam əhval - ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu qeyd etmişdir.
Ümummilli lider dəfələrlə vurğulamışdır ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər şərəflə yerinə yetirə bilər. Qürurverici haldır ki, Azərbaycan gəncliyi Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. 1999-cu ildə qəbul olunan “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” Proqramında qeyd olunur ki, xalqın Vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var-məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır.Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Hər bir gəncin Vətənin tərəqqisi naminə çalışması üçün müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq gənclər üçün vacib keyfiyyətlərdir .
Ulu öndərin hakimiyyətdə olduğu illərdə gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir-bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəni hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir-bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur. Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi - vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir. Yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir, onları psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, onların hərbi - vətənpərvərlik tərbiyəsi ilə bərabər, həm də fiziki hazırlığının səmərəliliyi nəzarətdə olunmağı tələb edir.
Milli mənlik şüuru gənclərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Milli mənlik şüuru və vətənpərvərlik hissləri bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli rol oynayır. Öz kökünə bağlı olan meyarlar Vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fifiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. Gənclər həmişə ictimai həyatda fəal olmuş, çağdaş tariximizin ən taleyüklü dövrlərində öz sözlərini demiş, prinsipial mövqelərini bildirmişlər. Xalqımızın azadlıq, müstəqillik amallarına, dövlətçiliyimizə sədaqətli olan gənclərimiz bu yolda əsl mübarizlik nümayiş etdirmişlər. Torpaqlarımızın suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, əlil olan, şəhidlik zirvəsinə ucalan soydaşlarımızın böyük əksəriyyəti gənclərdir. Yüzlərlə, minlərlə belə fakt indiki və gələcək nəsillər üçün örnəkdir, qürur duyulası, fəxr ediləsi nümunədir. Bu gün gənclərimizin qarşısında mühüm vəzifələr durur-hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəsil mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdır. Gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında, ərazi bütölüyünün bərpa olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində yaxından iştirak etməlidirlər. çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz Vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır.
Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksəkixtisaslı mütəxəssislər kimi yetişməlidirlər. Respublikamız hüquqi demokratik dövlət quruculuğu yolu ilə inkişaf edir-milli ideologiya konsepsiyası çərçivəsində gəncləri, birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır-gənclərin tərbiyə edilməsində, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Hər bir ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır-belə ki, torpaqlarımıza qarşı düşmən niyyəti, ölkəmizin ərazi bütövlüyünə qarşı təhlükə, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək də gənclərin öhdəsinə düşür. Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama çevrilməlidir. Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi resrublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan - şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir. Biz təhsil və tərbiyədə forma və məzmun vəhdətini həmişə gözləməli və qorumalıyıq-əgər belə olarsa, onda gənclərimizdə milli qürur hissi və milli ruh yaratmış olarıq.
Ümummilli lider hər şeydən əvvəl öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi-onun vətənpərvərliyinin çoxcəhətliliyi onun mənəvi irsini diqqətlə araşdırmağa cəhd edən, bu irsin bizim gələcək inkişafımız üçün mahiyyətini aydınlaşdırmağa çalışan bir sıra tədqiqatçıların əsərlərində təhlil edilmişdir. Onun irsini, vətənpərvərliyini təhlil edərkən və dərindən anlamağa çalışarkən Ümummilli liderin gənclərə, gələcəyimizə göstərdiyi böyük qayğının şahidi oluruq. Gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, o, həmçinin ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərir. Ümummilli lider çox gözəl başa düşürdü ki, şüurda dəyişikliyi yalnız təhsil, elm vasitəsilə həyata keçirmək olar. Təhsil sistemindəki uğurlu islahatlar, müəllim kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, bütövlükdə təhsil - təlim və tərbiyə proseslərinin yeniləşməsi, mükəmməlləşməsi və müasirləşməsi cəmiyyət həyatının dinamik bir hissəsidir-ümid edirik ki, gənclərin vətənpərvərlik tərbiyəsi, onlarda milli şüurun təkamülü prosesinin daha da inkişafı üçün görülən işlər tezliklə öz bəhrəsini verəcəkdir.
Əsası Ümummilli lider tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, həm də müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə yüksəldilmişdir. Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu uğurlu gənclər siyasətinə böyük sadiqlik nümayiş etdirərək bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul etmiş və addımlar atmışdır. Son bir neçə ildə bilavasitə gənclərlə bağlı 30 - ə qədər normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial - iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai - siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə cənab İlham Əliyev tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə çox geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclər ölkədəki demokratiya quruculuğu istiqamətində uğurla həyata keçirilən çoxşaxəli fəaliyyətə öz töhfələrini verməkdədirlər. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
Prezidentin “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamında gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. Bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapmışdır. Proqramın tələblərinə uyğun olaraq bu istiqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılmışdır.
2006 - cı ildə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmişdir-bununla, həm də nazirliyin qarşısında gənclərin daha mükəmməl təşkilatlanması, problemlərinin həlli, bilik və bacarıqlarının yüksəldilməsi ilə bağlı yeni ciddi vəzifələr qoyulmuşdur. Dövlət başçısının qərarı ilə 2007 - ci il ölkəmizdə Gənclər ili kimi qeyd edilmişdir. Cənab Prezident demişdir ki, Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür-bunun üçün o, ilk növbədə, gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daha çox diqqət yetirmişdir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır-belə ki, indi ölkəmizdəki 1000 nəfər gəncdən 954 - nün bu və ya digər səviyyə də təhsili var. Yaradılmış unikal imkanlar gənclərin elmi fəaliyyətlə məşğul olması üçün böyük stimul olmuşdur-ölkədəki tədqiqatçıların 19 faizini gənclər təşkil edir. Dövlətin gənclərimizə olan böyük qayğısının nəticəsidir ki, dövlət büdcəsinin böyük hissəsi təhsil xərcləri üçün nəzərdə tutulmuşdur. Son bir neçə ildə həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev Fondunun hesabına 1500 - ə yaxın məktəb tikilmiş, əksər məktəblər və ali təhsil ocaqları əsaslı təmir edilmişdir. Bu istiqamətdə işlər davamlı xarakter almış, ölkədə geniş kompüterləşmə proqramı həyata keçirilir. .İnformasiya texnologiyalarından istifadə etmək vərdişlərinə yiyələnməklə və internetə çıxış imkanı əldə etməklə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açmışdır. Dövlət gənclər siyasəti çərçivəsində gənc ailələrə xüsusi qayğı göstərilir-bu istiqamətdə aparılan uğurlu siyasətin nəticəsidir ki, son illərdə nikah bağlayan gənclərimizin xüsusi çəkisi 56 faiz artmışdır. Gənclərə ipoteka kreditlərinin verilməsi onların mənzil probleminin həll olunmasında mühüm rol oynayır-gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi ilə əlaqədar Prezident Fərman imzalamışdır-bu, Azərbaycan dövlətinin gənclərə qayğısının daha bir bariz nümunəsidir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin təmin edilməsi də mühüm yer tutur-dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın bəzi dövlətləri Azərbaycanın gənclər siyasəti modelini tətbiq etmək istəyirlər.
Azərbaycan gəncliyinin formalaşmasında və keyfiyyətli inkişafında birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır-Fondun həyata keçirdiyi ardıcıl tədbirlərin Azərbaycan gəncinin mənəvi dəyərlərinin möhkəmlənməsində, intellektual səviyyəsinin yüksəlməsində və digər keyfiyyətlər qazanaraq özünü cəmiyyətdə təsdiq edə bilməsində əvəzsiz rolu olmuşdur. Azərbaycanın birinci xanımı gənclərin məşğulluğunun təmin olunması istiqamətində də böyük işlər görür, mühüm addımlar atır-bu istiqamətdə dünya dövlətləri üçün örnək olacaq nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq Sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işlərlə dünyanı heyran qoymuşdur-bütün bunlar bir daha sübut edir ki, Azərbaycan gəncliyinin bu günü və sabahı etibarlı əllərdədir və onlar sabaha böyük inamla baxırlar.
Azərbaycan Respublikasında dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri dövlət idarəciliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə Prezident cənab “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır-proqramın məqsədi gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmaqdır. Dövlət Proqramının məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi: *gənc nəslin vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması; *gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; *gənclər arasında huquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata kecirilməsi; – istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması; *gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi; *sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cumlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi; *gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata kecirilməsi, kutləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi; *ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər uzrə təşkilatın formalaşması və inkişafı üçün şəraitin yaradılması; *gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata kecirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların numayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi nəzərdə tutulmuşdur.
Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə dövlət gənclər siyasəti sahəsində yeni vəzifələr müəyyən edilmiş, Azərbaycanın əsaslı iqtisadi inkişafı və siyasi yuksəliş mərhələsi başlamış, daxili ictimai-siyasi sabitliyin qorunması, olkənin iqtisadi qudrətinin artırılması və xalqın həyat səviyyəsinin yuksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın movqeyinin mohkəmləndirilməsi istiqamətində coxsaylı tədbirlər həyata kecirilmiş, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən fərmanlar, sərəncamlar imzalanmış, dovlət proqramları təsdiq olunmuşdur. Ulu öndərin siyasətinin daanı kimi 2011 - ci ildə Azərbaycanda Gənclər Fondu yaradıldı, 2012 - ci ildə isə həmin fondun statusu artırılaraq Prezident yanında Gənclər Fondu kimi fəaliyyət göstərməyə başladısi-Gənclər Fondu tərəfindən dəstək verilən layihələr günbəgün artmaqdadır.
Ulu öndərin qayğısı bu gün də hiss olunmaqdadır və hələ də ideyaları bizlərlə yaşayır və o ideyaların təsiri altında gənclər siyasətimizi, vətənpərvər siyasətimizi qururuq və icra edirik. 1918 - ci ildə əldə etdiyimiz müstəqilliyimizi qoruya bilməməyimizin səbəbi həmin vaxtlar ölkədə gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik duyğularının yetərincə olmaması, eləcə də bu sahəyə diqqətin ayrılmaması idi. Həmin vaxtlar dövlət siyasətimizdə milli ruh, milli - mənəvi dəyərlər aparıcı mövqedə durmurdu. SSRİ qurulandan sonra da çar Rusiyasının imperiya siyasəti davam etdirildi. Sovet ideologiyası müstəmləkə xalqlarının milli özünüdərk ruhunu öldürməyə hədəfləndi. Lakin 1969 - cu ildə Ulu öndər respublikaya rəhbər təyin olunandan sonra Moskvanın milli siyasətinin təsiri get - gedə zərərsizləşdirildi-milli ruhda gənclər yetişdirmək prosesinə start verildi.
Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyanın qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Mayası vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Heydər Əliyevlə - Tanrının xalqımıza verdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə bütün dünyanın, amma daha çox biz azərbaycanlıların haqqı vardır-çünki o hər şeydən öncə, bizimdir, öz əlləri ilə qurub-yaratdığı doğma Azərbaycanımızındır.
Tanrının qüdrətindən pay olan Heydər Əliyevin xalqı, Vətəni qarşısında gördüyü işlərdən, göstərdiyi xidmətlərdən yaşadığı ömür qədər danışılsa belə, yetərli olmayacaqdır. Amma hesab edirik ki, ABŞ Dövlət katibinin birinci müavini Riçard Armitacın Heydər Əliyevin vəfatı ilə bağlı dediklərini xatırlatmaq yerinə düşərdi: “Heydər Əliyevin ölümü ilə dünya bir qədər də kiçildi”. Bəli, Heydər Əliyev yüz ildə, min ildə bir dəfə yetişən şəxsiyyətdir və dünya burada yaşayan milyardların yox, məhz Heydər Əliyev kimi nadirlərin və siyasət nəhənglərinin çiyinləri üstündə qurulmuşdur.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent