PDF Oxu

Siyasət

  • 2 294

Ağdamlı günlərimizə yenidən dönəcəyik TƏHLİL

Ağdamlı günlərimizə yenidən dönəcəyik TƏHLİL

20 noyabr Ağdamın işğaldan azad edildiyi gündür

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın çoxşaxəli və insan ağlına sığması belə çətinlik törədən fəaliyyəti, rəşadətli ordumuzun hünəri və xalqımızın “DƏMİR YUMRUQ” ətrafında birləşərək bütövləşməsi sayəsində, nəhayət, 44 gündə 30 illik işğala son qoydu. 1747-ci ildə Nadir Şah Əfşarın ölümündən ötən 273 il ərzində qələbə, zəfər üzünə həsrət qalan, həmin dövrdən bölünə-bölünə kiçilən, kiçilə-kiçilə düşmənlərin məkrli planına qurban gedən, azadlığı əlindən alınan bir xalq, nəhayət, bu həsrətə son qoydu. “Əsrin zəfəri”, “XXI əsin savaşı”, “Dünyanı heyrətə gətirən qələbə” kimi adlandırdığımız bu tarixi zəfər, xalqımıza təkcə qaliblik ruhu bağışlamadı, təkcə erməni faşizminin və ona dəstək verən güclərin yüz əlli illik planlarını “cəhənnəmə vasil” etmədi, həm də millətin özünədönüşü, özünəinamı və özünəgüvəni baxımından misilsiz tarixi hadisə kimi əbədi olaraq qəlblərdə və şüurlarda yaşayacaq. Bu zəfərin çanlı şahidləri olduğumuza və hadisələr gözlərimiz önündə cərəyan etdiyinə görə, psixoloji baxımdan təbii olaraq bu gün onun möhtəşəmliyini, qüdrətini olduğu kimi dərk etməyə çətinlik çəkdiyimiz birmənalıdır. İllər, on illər, yüz illər ötəcək, xalqımızın tarixinə qızıl hərflərlə yazılan bu şanlı qələbənin misilsizliyi, möhtəşəmliyi daha dolğun şəkildə dərk olunacaq. Necə ki, otuz il əvvəl torpaqlarımız işğal olunanda onun da mahiyyətini illər sonra doğru-düzgün anlaya, bu məğlubiyyətin xalqımıza vurduğu maddi zərərdən daha dəhşətlisi olan mənəvi zərbəni yaşadıqca dərk etməyə başladıq. İllər boyu yurdsuz yaşamağa məcbur qalan bir milyona qədər insanın, dövlətimiz və xalqımızın digər qövmü tərəfindən nə qədər əzizlənsə də, təsəlli olunsa da, içindəki sınıqlıqdan qurtula bilməməsi, ökədən bir addım kənara ayaq basanda bizə tənəli baxışlarla baxanların qəlbimizin dərinliklərində açdığı yaralar illər ötdükcə daha da sarsıdıcı idi.
44 günlük möhtəşəm Vətən savaşından sonra qaysaqlanmağa başlasa da, hələ də tam sağalmayan, bəlkə də heç vaxt sağalmayacaq elə yaralar var ki, onun mahiyyətini dərk etmək üçün bizlərə illər, on illər lazım oldu və hələ neçə on illər də bu yaraların açılma ağrılarının mahiyyətini dərk etməyə çalışacayıq. 1992-ci il sentyabrın 3-dən 4-nə keçən gecə Abdal-Gülablı kəndinin işğalı ilə başladı Ağdam adlanan göynərtimizin tarixi. Zəfərdən ötən illər ərzində nə qədər sevinc dolu günlər yaşasaq da, açıq-aşkar xəyanət nəticəsində doqquz erməni kəndinin əhatəsində olan, işğal ərəfəsində bütün qüvvələrin “dislokasiya” adı ilə çıxarılaraq başqa istiqamətlərə göndərilən, kəndin yerli könüllülərdən ibarət olan 80 nəfərin ümidinə verilən Abdal-Gülablı ətrafında gedən oyunları görüb də, ölkənin ən yüksək vəzifəli şəxslərinə xəbər verilməsinə rəğmən, bu oyunların qarşısının alınması üçün heç bir iş görməyən o zamankı rəhbərlərin, yumşaq desək, səhlənkarlığına qurban getdi bu qədim türk yurdu! Həm də təkcə Abdal-Gülablı deyil, həmin gün həm də aylar öncə quldurlardan azad edilmiş Naxçıvani, Aranzəmin, Ağbulaq, Piri-Camal, Kətik kəndləri də yenidən işğal altına düşdü. 1993-cü ilin iyununda, Vətənin başının üstünü alan qapqara buludları görməzdən gəlib vəzifə, kreslo davasına qalxanların, həmin ərəfədə Ağdamdakı yeddi könüllü-müdafiə dəstələrini anlaşılmaz şəkildə tərki-silah edib düşmənin genişmiqyaslı hücumu qarşısında Ağdamı faktiki müdafiəsiz qoymalar isə illərdir ki, müzakirə olunur və hələ on illər boyu müzakirə olunacaq...
Qeyri-ixtiyari o günlərlə bu günü müqayisə edəndə sual yaranır: yurd həmin yurd, xalq həmin xalq. Vətən naminə canını əsirgəməyən bu xalq necə oldu ki, çox rahatca torpaqlarının işğalını seyr etdi? Tək bir cavabı var bu sualın: yurd həmin yurd, xalq həmin xalq, Vətən sevgisi həmin sevgi olsa da, bu yurd və Vətən sevgisi ilə yoğrulmuş xalqın şücaətini yönəldən, ona qəhrəmanlıq nümunəsi göstərərək irəli getməsi üçün stimul veməli olan lider o lider deyildi. Dünyanın bütün erməni sevgisi ilə yüklənmiş siyasilərinə diplomatiyada, ermənilərin və ermənipərəst qüvvələrin maliyyəsi ilə ortaya düşən dünyanın media “qəhramanları”nı informasiya savaşında, düşmən qüvvənin hərbi strategiyasına qarşı fantastik strategiyası ilə döyüş meydanında bütöv bir xalqı ləyaqətlə təmsil edən sərkərdə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev seçildiyi gündən bu xalqın mənəvi dünyasına da nüfuz etmiş və qədim bir xalqın inamını, sevgisini qazanmışdı. Məhz inamla yoğrulan bu sevgi bizi günbəgün qələbələrə apardı və bu gün Azərbaycan beynəlxalq aləmdə tanınmış bütün ərazilərində suverenliyini bərpa etmişdir. Müzəffər ordumuzun hünərli əsgər və zabitlərinin canları, qanları bahasına əldə edilən bu tarixi qələbənin bir parçası olan AĞDAMIN azadlığının üçüncü ildönümündə dünənlə bu günü müqayisə edib, məşhur bir bayatını xatırlamadan keçmək olmur:
Əzizim ordu bada,
Yol gedir Ordubada,
Sərkərdə igid olsa,
Verilməz ordu bada.
Ordunu da, xalqını da vəzifə, hakimiyyət naminə “bada verən” neçə sərkərdələr gəlib keçdi gözlərimiz qarşısından. Vətənin, millətin, dövlətin taleyindən daha çox özünün güzəranını, düşməni deyil vəzifə ehtirasını “öldürməyi” özünə amal seçən, nəticədə bütöv bir məmləkəti, “öldürmək” istədiyi ehtirasına qurban verən, bununla belə özlərini “sərkərdə” hesab edənlər və onları hələ də az qala qəhraman kimi ananlar, nəhayət ki, günümüzün SƏRKƏRDƏSİNƏ baxıb da yanıldıqlarının fərqinə varmaqdadırlar. Axı “Qarabağın toy otağı” olan Ağdamımızda da, digər işğal altında qalan şəhər və kəndlər kimi, bu gün daş üstdə daş qalmamasının, başdan-ayağa xarabazara çevrilməsinin, on illər boyu yurd həsrətli insanların mənəvi sarsıntılarının baiskarı təkcə ermənilər deyil, həm də vəzifə ehtiraslı bu “liderlər”dir! Zəfər sevinci bizi nə qədər ağuşuna alsa da, bunları da unutmamalı və unutdurmamalıyıq...
Çox keçməz, yenə Ağdam “Qarabağın toy otağına”, “bülbüllər seyrişən gül yatağına”, ağ damlardan ibarət ağappaq şəhərə çevrilər. İki-üç ildə həm rayonun mərkəzində, həm kəndlərdə, həm də yollarda aparılan quruculuq işləri bizlərdə bu inamı yaradır. Heç şübhəsiz, yurduna, elinə, obasına bütün varlığı ilə bağlı olan ağdamlılar dövlətin yaratdığı bu şəraitdən lazımınca yararlanacaq və Ağdamın – bu qədim türk yurdunun yenidən gülüstana çevrilməsinə nail olacaqlar. Buna adım qədər əminəm. Ancaq qaysaqlanmış otuz illik yaranın ağrısı-acısı hələ çox təqib edəcək bu yurdun insanlarını, həm də çox!..

Təhmasib Novruzov
Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist

Digər xəbərlər