Paytaxtımızda qadınların hüquqları və səlahiyyətləndirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilir
Bakı yenə də diqqət mərkəzindədir - “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutub.Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın QH-yə uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciət edib. Prezident İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzində olduğu fikirlər yer alıb. Bu gün də Azərbaycan qadınlarının elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verdiklərini qeyd edən dövlətimizin başçısı vurğulayıb: «Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır».Dövlətimizin başçısının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına ünvanladığı müraciətində bildirilib ki, torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunmasında və tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur: “Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”.
BƏZİ ÖLKƏLƏRİN YÜRÜTDÜYÜ “VAKSİN MİLLİYYƏTÇİLİYİ” SİYASƏTİNƏ SƏSSİZ QALMADIQ
“Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi”.Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində yer alıb.Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür”.
FRANSANIN YÜRÜTDÜYÜ NEOKOLONİALİZM SİYASƏTİNİ QLOBAL SƏVİYYƏDƏ İFŞA ETMİŞİK
Prezident İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib ki, Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına – red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı: «Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik».
Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb: «Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir».
Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.
PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ UĞURLU XARİCİ SİYASƏTİN NÖVBƏTİ TƏZAHÜRÜ - DAHA BİR İL
Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. Qeyd edək ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: bu görüş səmərəli və nəticəyönümlü müzakirələrlə yadda qalacaqdır. Çünki Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.
Qeyd edək ki, “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb və dövləd başçımızın konfrans iştirakçılarına ünvanladığı müraciətində bildirdiyi kimi: “Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır”.
RƏFİQƏ KAMALQIZI