PDF Oxu

Siyasət

  • 1 102

Qadın hüquqlarının inkişafında uğurlu platforma TƏHLİL

Qadın hüquqlarının inkişafında uğurlu platforma TƏHLİL

Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın regionun lider dövləti kimi baş verən məsələlərdə maraqları nəzərə alınır. Ölkəmizin belə bir nüfuza sahib olması Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyasının məntiqidir. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında Qoşulmama Hərəkatı mühüm siyasi platformadır. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən Konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirdiyi kimi, üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir: "Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk".

"QOŞULMAMA HƏRƏKATININ QADINLAR PLATFORMASININ YARADILMASI TƏKLİFİ TƏRƏFİMDƏN İRƏLİ SÜRÜLMÜŞDÜR"

Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Cənab Prezidentin məktubunda "Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür. Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram" – fikri yer alıb.

"BİZ BƏZİ ÖLKƏLƏRİN YÜRÜTDÜYÜ "VAKSİN MİLLİYYƏTÇİLİYİ" SİYASƏTİNƏ SƏSSİZ QALMADIQ"

Bildiyimiz kimi, bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı zamanda onun qarşısını almaq və yoluxma sayını minuma endirmək məqsədi ilə Azərbaycanda təxrəsalınmaz tədbirlər davamlı olaraq həyata keçirilməyə başlandı. Əlbəttə ki, ölkəmizdə pandemiya ciddi nəzarət altında saxlanıldığından Azərbaycan "COVID-19"-la mübarizədə qabaqcıl ölkələr sırasında yer aldı. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə geniş tədbirlər reallaşdı. Ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşıb. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanıldı. Əlbəttə ki, Azərbaycan "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə ciddi səylər göstərərək qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı və Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etdi. Eləcə də dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim olundu. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atmış oldu. Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir. "Məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir. Biz bəzi ölkələrin yürütdüyü "vaksin milliyyətçiliyi" siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi" – deyə Prezident ünvanladığı məktubunda bildirib.

"MÜSƏLMAN DÜNYASINDA QIZLAR ÜÇÜN İLK DÜNYƏVİ MƏKTƏB MƏHZ BAKIDA AÇILMIŞDIR"

"Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur" – deyən Prezident bildirib ki, hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir: "Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur".
Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz Azərbaycan qadını atmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub.

"ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN 63 FAİZİNİ QADINLAR TƏŞKİL EDİR"

Müasir dünyamızda milli qadın siyasəti dövlət statusu alıb. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl, məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətini davamlı olaraq reallaşdırır. Hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur.məktubda qeyyd olunur ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir: "Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır".
Cənab Prezident onu da qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır və Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır: "Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir. Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır."

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər