Məlumdur ki, Azərbaycan mütəqillik dövrünə qədəm qoyan zaman ölkədə baş verən hadisələr vətəndaş müharibəsi təhlükəsi yaratmaqla yanaşı mövcud olan xaos və anarxiya insanların həyatını da təhlükə altında qoyurdu. Ölkə ərazisindəki vəziyyətin gərginliyi və belə davam edərsə baş verə biləcək faciələr ziyalılarımızı çox narahat edirdi. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün 91 nəfər ziyalı Ulu Öndərə müraciət etdi. 1992-ci il 16 oktyabr tarixində ziyalıların müraciətinə Ulu Öndər Heydər Əliyev belə cabab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Azərbaycanın gələcəyini və baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısını almağı düşünən insanlar ölkəni bu vəziyyətdən çıxara biləcək yeni bir partiyanın yaradılması məqsədilə peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycan tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfranda 550 nəfər iştirak edirdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası çox qısa bir müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. O, Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi və özünün də dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi.
Yeni Azərbaycan Partiyası yarandığı gündən- 1992-ci il 21 noyabrdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.
Xalqın təkid və tələbi ilə 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gələn YAP sədri Heydər Əliyevin həmin il oktyabrın 3-də ölkə Prezidenti seçilməsi ilə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının arzu və istəyinin reallaşması idi. Çünki xalqımız çox gözəl bilirdi ki, məhz təcrübəli dövlət xadimi olan Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edə və cəbhədə baş verən uğursuzluqların qarşısını ala bilər. Xalq öz müdrik oğlu Heydər Əliyevə inanır və onu dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi.
Heydər Əliyevin Prezident seçilməsindən sonra YAP ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. YAP-ın sədr müavini Əli Həsənov demişdir: "Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu".
Yeni Azərbaycan Partiyasında Heydər Əliyev missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilmişdir.
Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".
2003-cü və 2008-ci ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyəti idi.
YAP-ın 2005-ci ilin mart ayında III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq cənab İlham Əliyevi partiyanın sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu. Bu gün YAP-da Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını ulu öndərin qoyduğu milli inkişaf strategiyasının daha genişmiqyaslı davamıdır. 44 günlük müharibədə qazanılan uğurlar və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatları sayəsində Azərbaycan torpaqlarının birləşdirilməsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilərək adımızın tarixə qalib xalq kimi yazılmasında Cənab Prezidentimizin əməyi, YAP-ın həyata keçirdiyi proqramın rolu əvəzolunmazdı.
Lalə Səlimzadə
YAP Yasamal rayon təşkilatının fəalı