21 Noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Qısa müddət ərzində müxalifət partiyası olaraq yaransa da, uzaqgörən siyasətçi, nüfuzlu lider, Yeni Azərbaycan Partiyasının ilk sədri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə iqtidar partiyasına çevrildi və ətrafında yüz minlərlə insan toplaşdı. Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən proseslərin içərisindən çıxmış zərurətdir.
Yarandığı gündən daim inkişaf yolunu tutan Yeni Azərbaycan Partiyası həm cəmiyyətin irəliyə doğru keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını, mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi rolunu, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələri müəyyənləşdirir. Azərbaycanın bütövlükdə uğurlarında payı olan Yeni Azərbaycan Partiyası bu gün cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir.
Yeni Azərbaycan Partiyası ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyinin göstəricisidir. Məhz bu gün sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir.
Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi