Dövlət başçısının Sərəncamına əsasən, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq
Bu gün işğaldan azad olunan Şuşamız dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Qədim tarixi olan Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Xalq əfsanəsinə görə, isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırmışlar. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.
Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayırırdı. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.
Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ İSƏ AZƏRBAYCAN YOXDUR"
Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Bu gün Şuşamız işğaldan azad olunan digər ərazilərimiz kimi, yenidən qurulur. Cənab Prezident Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır. Şəhərdə inşa edilən yeni yaşayış kompleksinin tikinti işləri davam edir. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir. Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və "Xarı bülbül" festivalı bərpa olundu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan bir çox tarixi-dini abidələrimiz bərpa olunur. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində də infrastruktur layihələr icra olunur.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.
BÜTÜN DÜNYANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN OLUNMAĞA LAYİQ ŞUŞAMIZ
Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilmişdi. Əlbəttə ki, bu, heç də təsadüfi deyil. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il biri Türk dünyasının mədəniyyət mərkəzi seçilir. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir. Xatırladaq ki, TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra Əskişəhər, Kazan, Marı və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib. 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəki şəhəri əsrlər boyu Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzərsiz məkandır. Karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər şəhərin qədim memarlıq üslubundan xəbər verir. Hər il keçirilən beynəlxalq festivallar, tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə, bölgənin turizm potensialını genişləndirməyə imkan yaradır.
Təbii ki, Qarabağın tacı olan Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi böyük həqiqətlərə əsaslanır. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiqdir. Milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Bu şəhərin tarixinə nəzər salsaq görərik ki, 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Tarixi mənbələrdə göstərilir ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır. "Türk dünyasının mədəniyyət paytaxtı" seçilən Şuşa Azərbaycanın mədəniyyət beşiydir. Şuşada dünyaya göz açan xalqımızın mənəviyyatı və mədəniyyəti üçün özlərini fəda edən Azərbaycanın mədəniyyət və incəsənətinə töhfə vermiş mədəniyyət və incəsənət tarixinə ədəbi iz salmış Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə və onlarla belə sənətkarlarin yaratdıqları sənət inciləri tarixi nümunələrdir.
"İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI"
Dövlət başçısı Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirmiş oldu. Sərəncam həm də 2022-ci ildə Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb oldu. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşdu. Toy-büsatlı Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirildi. Artıq hər kəs rahatlığa qovuşub. Dini-mədəniyyət abidələrimiz təmir bərpa olunur. Üzeyirin, Natəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "Isa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.
Dövlət başçısının Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır. Sərəncama əsasən, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçiriləcəkdir
Görüləcək işlər çoxdur. Qısa bir zamanda Şuşa cənnəti xatırladacaq bir məkana çevriləcək. "İslam dünyasının mədəniyyət paytaxtı" çərçivəsində Şuşamızda keçiriləcək tədbirlərdə iştirakçı olacaq hər bir kəs bu möcüzələr diyarımla xoş təəssüratlarla ayrılacaqlar.
Zümrüd BAYRAMOVA