Noyabr ayının 20-si Ağdam Şəhəri Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam Şəhəri Günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu il Ağdam azadlığa qovuşmasının üçüncü ilini qeyd edir.
Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdu. 42 gün davam edən döyüşlər 1993-cü il iyulun 23-də Ağdamın 73 faizinin işğalı ilə başa çatmışdı. 1094 kvadrat kilometr ərazisi olan Ağdamın 882 kvadrat kilometr ərazisi, rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal edilmiş, işğal nəticəsində 128 min nəfər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye müəssisəsi, 74 məktəb, 271 mədəniyyət evi, unikal Çörək Muzeyi, 67 idarə və 99 klub düşmənin əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz yurd-yuvasından didərgin salınaraq köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabrın 27-dən başlayaraq ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan müzəffər ordumuz hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqları kəndbəkənd, qarışbaqarış azad ediblər. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində heç bir itki, şəhid vermədən, qan tökülmədən düşmən tapdağından azad olunub. Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar və 27 il işğaldan sonra dövlət başçımız Ağdam şəhərində Azərbaycanın üçrəngli bayrağını səmaya ucaldıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Ermənilər son 30 ildə Azərbaycanın tarixini, mədəniyyətini silib, yox etmək məqsədilə bu ərazidə dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Ağdam şəhəri hələ işğaldan əvvəlki dövrdə yalnız kənd təsərrüfatı ilə deyil, həm də bəzi sənaye məhsulları ilə tanınırdı. Ağdam, həmçinin tarixi-memarlıq abidələri, tikililəri ilə daim diqqət çəkib. İşğaldan əvvəl rayonda XVIII əsrə aid bir sıra mühüm tarixi və dini abidələr olub. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi Ağdamın qədim tikililərindən sayılır. 28 illik işğal zamanı vəhşi düşmən buranı da dağıdaraq, izimizi silməyə çalışıb. İmarət dünyanın gözü qarşısında uzun illər təhqir edilib, vandalizmə məruz qalaraq tövlə kimi istifadə olunub. Ağdam 30 ilə yaxın müddətdə ən çox dağıntılara məruz qalan rayonlardan biri kimi tarixə düşüb. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Azərbaycan dövləti qısa müddətdə bu torpaqları işğaldan necə azad etdisə, eləcə də quracaq və bərpa edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq!
2021-ci il mayın 28-də Ağdama səfər çərçivəsin dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin,140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi.
2022-ci il oktyabrın 4-də Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.
Artıq baş planı təsdiq olunmuş Ağdam şəhəri dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Ağdam şəhərinin salınması siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Qarabağ, o cümlədən Ağdam cənnətə çevrilək. Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq. Ağdamın “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur.
Məmmədli Günay
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri