PDF Oxu

Siyasət

  • 2 363

“Qafqazın Xirosiması” Ağdam dirçəlir ŞƏRH

“Qafqazın Xirosiması” Ağdam dirçəlir ŞƏRH

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başlatdığı müharibəyə ilk olaraq Qarabağın ən böyük rayonlarından olan Ağdam rayonu cəlb olundu. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi və nəticədə 23 iyul 1993-cü ildə Ağdam şəhərinin ümumi ərazisinin 77,4 faizi işğal olundu.

1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə Ümummilli lider Heydər Əliyev rayonun işğalına belə münasibət bildirmişdi: “Strateji nöqteyi-nəzərdən Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi”. Həm Ümumilli lider Heydər Əliyev, həm də cənab prezident İlham Əliyev dövründə də digər işğal edilmiş rayonlar kimi Ağdama və Ağdamlılara da xüsusi diqqət ayrılmışdır.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə müzəffər Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Ordusunun 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərini işğaldan azad etməsi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyi faktiki məğlubiyyətini qəbul etmiş və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. 20 noyabr 2020-ci il tarixində atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olaraq şəhərin işğalına son qoymuşdur. Şəhərə daxil olan Azərbaycan ordusu bir zamanlar Azərbaycanın əməksevər insanlarının qurub yaratdığı, həyatın qaynadığı o gözəl Qarabağ şəhərindən əsər-əlamət qalmadığını, şəhərin yerlə-yeksan olub, minalarla dolu boş xarabalığa çevrildiyini görmüşdür.

Hazırda Ağdamda Prezident İlham Əliyevin göstərişi ilə bərpa-yenidənqurma işləri aparılır. 2021-ci ilin mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Ağdam şəhərinin Baş Planı təqdim olunmuş və Prezident Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyulmuşdur. Səfər çərçivəsində prezident İlham Əliyev çıxışı zamanı: “Biz elə bir şəhər, elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır” - deyə bildirmişdir.

İşğal dövründə Erməni silahlı qüvvələri tərəfindən Xanoğlu türbəsi, Pənah xanın imarəti və türbəsi, XV əsrə aid sərdabə, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara və digər tarixi memarlıq və incəsənət abidələri vəhşicəsinə dağıdılmışdır. Bundan başqa Ağdam Cümə məscidinin minarələri daxildən sökülmüş, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində tarixi qələbə əldə edildikdən sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdam Cümə məscidinə etdi ki, bu da Prezidentin dini, tarixi abidələrə verdiyi önəmin bariz nümunəsidir. Hazırda tarixi, dini memarlq abidələrində Heydər Əliyev Fondunun dəstəyi ilə təmir-bərpa işləri aparılır.

Dağıdılan bütün şəhər və kəndlərin planlı və mərhələli şəkildə bərpasına davam edilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaşayış məntəqələrinin bərpası layihələrinin hazırlanmasında “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptlərinin tətbiqinə geniş meydan verilir.

Bu gün Ağdamda 3 kəndin təməli qoyulmuşdur ki, bunlardan ikisində artıq işlər başlanıb. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun bildirdiyinə görə, Ağdamda məskunlaşma prosesi 2025-ci ilin ortasından başlayacaq.

Hazırda Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun paralel olaraq tikintisi davam etdirilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb. Bu yolun davamı olan Ağdam–Füzuli avtomobil yolunun inşası da davam edir. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam–Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir.

İşğaldan öncə bölgənin sənaye mərkəzi olan şəhərin yenə eyni istiqamətdə inkişafı hədəflənir. Şəhəri yenidən sənaye mərkəzinə çevirmək üçün Ağdam Sənaye Parkı yaradılır. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.

Bundan başqa Ağdamda yaradılması planlaşdırılan Qarabağ Universiteti ilə şəhərin həm də təhsil mərkəzinə çevrilməsi nəzərdə tutulur. Bütün binaların “ağıllı şəhər” konsepsiyası ilə tikildiyi şəhərdə “Qarabağ” Futbol Komandasının oyunlarını keçirəcəyi stadion da tikiləcək.

Təxminən 2 min hektara yaxın ərazidə salınan yeni Ağdamın tikintisində Azərbaycanla yanaşı, ABŞ, Kanada, İsrail, Hollandiya və Türkiyə şirkətləri də iştirak edir.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün qalib ölkə kimi tanınır. Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng infrastruktur layihələr icra edilir, Ermənistanın törətdiyi işğalın ağır nəticələri aradan qaldırılır, azad edilən torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər