Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. 3 aprel 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş rayon İkinci Qarabağ müharibəsinə son qoyan atəşkəs bəyanatının müddəalarına uyğun olaraq 15 noyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələrinə təhvil verilməli idi. Lakin Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr 2020-ci il tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və Azərbaycan tərəfinin göstərdiyi humanizm olmuşdur. Şəhəri Azərbaycan nəzarətinə verməyə hazırlaşan Ermənistan silahlı qüvvələri və mülki əhali rayon ərazisindəki evləri, məktəbləri və meşələri yandırmış, elektrik xətlərini kəsmişdir.
Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyasının bariz nümunəsidir. Azərbaycan Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında aparılan quruculuq işləri Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olması məqsədi daşıyır. Quruculuq və bərpa işləri üçün bütün texniki imkanlar səfərbər olunub, müxtəlif sahələr üzrə kadr potensialı formalaşdırılıb bir sözlə hərtərəfli işlər sürətlə aparılır.
Toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” demək olan Kəlbəcər qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeçəvənd, Zar və s. kəndlərin ərazisindədir.
Kəlbəcər rayonunda Alban dövrünə aid xeyli tarixi abidələr vardır. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Abidə VI-VII əsrlərdə alban knyazı tərəfindən inşa edilib, XV əsrdə bu abidə alban knyazlığının dini məbədi olub. Kompleks alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq aydın hiss olunur. Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən, abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox etmiş, beləliklə, tarixi saxtalaşdırmağa çalışmışdır. Onlar öz təbliğatlarında bu məbədini erməni kilsəsi kimi təqdim edirlər.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Bu məbəd Arsax hökmdarı Həsən Cəlal və oğlu tərəfindən 1216-1265-ci illərdə tikilmişdir. Bu məbəd 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Provaslav Kilsəsi Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Erməni silahlı qüvvələrinin işğalı altında olan Gəncəsər monastrını ermənilər “Qanzasar” erməni monastr kompleksi kimi illər boyu dünyaya təqdim etmişdir.Bundan başqa rayon ərazisində "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd" abidələri vardır. Bu qədim Oğuz yurdu yeraltı və yerüstü təbii sərvətləri, şərbət bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro, gümüş, xrom, mis, tellur, selen və digər yataqlar rayon ərazilərindəki qiymətli yataqların, sadəcə, bir qismidir. Rayonun istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan “Ağduzdağ” və “Tutxun” kimi qızıl yataqları var.
Söyüdlü (Zod) qızıl yatağının əsas hissəsi Kəlbəcər rayonunda dəniz səviyyəsindən 2300-2500 m hündürlükdə, Azərbaycan və Ermənistan sərhədi boyu uzanan Şərqi Göyçə silsiləsinin suayırıcında, Misqaynaq dağının yamaclarında yerləşir. Yataqda ümumən 39 filiz cismi aşkar edilmişdi ki, onların da böyük əksəriyyəti - 29-u tamamilə Azərbaycanın ərazisindədir. Söyüdlü yatağı, təsdiq olunmuş ehtiyatlarına görə, nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük qızıl obyektidir.
Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcər Azərbaycan iqtisadiyyatında sənayenin inkişafına böyük töhfələr verəcək. Burada digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarına yerli və xarici investorların cəlb edilməsi də rayonda iqtisadi fəallığın artmasına təsir göstərəcək.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini