Görən Nemtsovun güllələnməsinə görə göz yaşı tökən G.Hacıbəyli bir qazinin çəkdiyi iztirablardan xəbərdardırmı?
Dağıdıcı müxaliflər getdikcə daha çox qərəzli və böhtan xarakterli vasitələrdən istifadə edirlər. Hər şeyə qara deyir, hər bir uğuru, qələbəni gözdən salmağa çalışırlar. Xüsusilə də bir neçə gəncin anlaqsız vəziyyətdə olmağından istifadə edən Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Tofiq Yaqublu onları sosial şəbəkələr vasitəsi ilə təxribat və pozucu məqsədlərə xidmət edən məlumatlar paylaşmağa, statuslar yazmağa məcbur edirlər. Ə.Kərimli və ətrafında olan trol dəstəsi "Soros"un və "Freedum Hous"un sifarişi əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, Azərbaycanda insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edirlər. Lakin unudurlar ki, əgər doğrudan da dedikləri kimi Azərbaycanda insan hüquqları sahəsində problemlər olsa idi, onlar həftədə bir dəfə piketlər keçirməyə cəhdlər göstərməzdilər. Sosial şəbəkələrdə ağıllarına deyil, ağızlarına gələnləri yaza bilməzdirlər. Və yaxud xalqını sevən, dövlətinə bağlı olan şəxslərə böhtan atmağa cəsarət etməzdilər. Həm də yaddan çıxarmasınlar ki, Avropada, ABŞ-da mitinqlər, piketlər keçirməyə çalışanlar su şırnaqları ilə, zəhərli tüstülərlə, rezin güllələrlə zərərsizləşdirilirlər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Fransada “Sarı jiletlilər”in aksiyaları zamanı 43 min 325 nəfər həbs olundu ki, onlardan da 21 min nəfəri bu və digər formada hüquqi məsuliyyətə cəlb olundular. Belə zorakı hallar ABŞ-da, Böyük Britaniyada, Almaniyada və digər ölkələrdə adi hala çevrilib. Hər il ABŞ-da onlarla insan polis zorakılığının qurbanı olur, öldürülür, şikəst edilir. Görünür, bu kimi real faktlardan Azərbaycanın dağıdıcı müxalifəti xəbərsizdir. Ya da kar və kordurlar.
Dağıdıcı müxalifətin düşüncəsi erməni revanşistlərinin düşüncəsindən fərqlənmir
Müasir dünya tarixində Azərbaycan hər hansı bir dövlətin qazana bilmədiyi qələbəni- Qarabağı işğaldan azad etməklə, ərazi bütövlüyünü təmin etdi. Dağıdıcı müxaliflər bu zəfərlə bağlı bir kəlmədə olsun müsbət məqamları əhatə edə biləcək fikirlər söyləmədilər. Xalqın sevincinə şərik olub, müsbət ifadələrlə çıxış etmədilər. Əksinə, Ə.Kərimli “Rus sülhməramlıları Qarabağda qaldığı üçün qələbəmiz yarımçıqdır”, - deyə bildirdi. Bu azmış kimi təxribat xarakterli statuslar paylaşmaqdan, özünə yaxın internet TV-lərdə müsahibələr verməkdən çəkinməyir. Noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi paradın möhtəşəmliyindən dünyanın əksər KİV-ləri videolar paylaşdılar, məqalələr yazdılar, dost xalqlar millətimizi təbrik etdilər, Azərbaycanın dağıdıcı müxalifəti isə susdu, danışmadı. Bir növ erməni lobbisi ilə həmrəylik nümayiş etdirdilər. Bu isə onu deməyə əsas verir ki, dağıdıcı müxalifətin düşüncəsi Ermənistanın bədbəxt gündə olan revanşistlərindən fərqlənmir. Hətta demək olar ki, maraqları tam şəkildə üst-üstə düşür.
Gültəkin Hacıbəyli Boris Nemtsovun güllələnməsindən narahat olub, lakin....
Fakt ondan ibrətdir ki, dağıdıcı müxalif fəaliyyət yolu seçən şəxslər Azərbaycanın uğurlarından, qələbələrindən pərişan olur, qəm-qüssəyə dalır. Çünki bir dəfə də olsun dövlətimizin qələbələrindən, uğurlarından danışmayıblar. Hər zaman xırda məsələləri qlobal problem kimi qabardıb, onun ətrafında hay-küy qaldırıblar. Sanki erməni revanşistləridir oturublar Ermənistanda başlarına dəyən dəmir yumruğun təsiri altında gic-gic Azərbaycan əleyhinə böhtanlar səsləndirirlər. İqtisadi, siyasi, mədəni, elmi məsələlərdən danışanda yalnız hansısa xarici dövlətlərdən misal göstərirlər. Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Rusiyanın müxalif simalarından olmuş Boris Nemtsovdan və Zuqanovdan yana-yana xoş fikirlər söyləməsi ümumilikdə dağıdıcı müxalifətin hansı xislətdə və əxlaqda olduğunu təsdiqləyir. Özünü dağıdıcı müxalifətin primadonnası kimi təqdim edən G.Hacıbəyli paylaşdığı statusunda yazır: “Boris Nemtsov güllələnəndə həyatımda bir dəfə üz-üzə gəlmədiyim bu insan üçün hönkür-hönkür ağlamışdım”.
G.Hacıbəyli ağlaya bilər, inandırıcıdır. Hətta insani nöqteyi-nəzərdən Nemtsovun ailəsinə başsağlığı da verə bilər. Burada qınalılası nəsə axtarmaq, nəyisə araşdırıb dərinliyə getməyə də ehtiyac yoxdur. Sadəcə, görən, G.Hacıbəyli 44 günlük Vətən Müharibəsində və ya bir günlük antiterror tədbirləri zamanı yaralanan qazi ailəsinə baş çəkibmi, onların vəziyyəti, yaşayışları ilə maraqlanıbmı? Deputat olduğu zaman onu-bunu şantaj etməklə taladığı sərvətlərdən bir balaca bağlama düzəldib aztəminatlı ailəyə göndəribmi? Təbii ki, əgər bu suallar G.Hacıbəylinin üzünə deyilsə idi, o susar və başını aşağı salardı. Çünki ortada boşboğazlığından başqa real əməli yoxdur. Məsəl var deyərlər, “özgənin ümidinə bel bağlayanlar, sonda fəlakətə düçar olar”.
İ.ƏLİYEV