PDF Oxu

Siyasət

  • 5 079

Rusiyalı ekspert: Ermənistanın yekun təslimi sülh müqaviləsi ilə rəsmiləşəcək” - MÜSAHİBƏ

Rusiyalı ekspert: Ermənistanın yekun təslimi sülh müqaviləsi ilə rəsmiləşəcək” - MÜSAHİBƏ

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan-Azərbaycan nizamlanmasındakı vəziyyət və gözlənilən proseslər haqda “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Anatolyeviç, sizcə, ABŞ-ın bölgəmizdəki fəallığının səbəbi nədir?

- Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq. Mən əminəm ki, bu, amerikalıların səy göstərdiyi yeganə məqsəddir.

- Bunun üçün Ermənistandan istifadə edirlər?

- Bəli. Bu baxımdan mən Ermənistanın son kapitulyasiyasını görürəm, görünür, bu, onun KTMT-dən çıxması və Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə tamamilə başa çatmalıdır. Baxmayaraq ki, İrəvan hələlik bunu inkar edir. Amma məncə, məntiqlidir. Məqsəd bundan ibarətdir. Bütün bunlardan sonra Ermənistana maraq bütün nüfuzlu qüvvələr tərəfindən itir. Onda da Türkiyə Ermənistanın taleyini həll edəcək.

-Yəni, Rusiya bazasının oradan çıxarılmasından sonra Amerika hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalını qəbul etmirsiniz?

- Baxın. Amerikalılar Gürcüstana daxil olmadılar, baxmayaraq ki, Cənubi Qafqazda Gürcüstandan daha çox amerikapərəst ölkə tapmaq mümkün deyil. Deməli, onlar Ermənistana da daxil olmayacaqlar. Onların indiki vəziyyətdə kifayət qədər resursları belə yoxdur.

- Ermənistan KTMT-nin köməyinə ümid etmədiyini bildirdi. Bu, həm də hərbi blokdan çıxmağa hazırlığın işarəsi kimi qəbul edilə bilərmi?

- Yəqin ki, bəli.

- Doğrudanmı Rusiya buna qarışmayacaq və Ermənistanı sakitcə buraxacaq?

- Düşünürəm ki, Ermənistan həqiqətən də getmək istəyirsə, o zaman onu buraxmamaq mümkün olmayacaq.

- Ermənistan tərəfi indi müxtəlif səviyyələrdə “Dünyanın kəsişməsi” adlanan layihəni təşviq etməyə çalışır və bunu Aİ də bəyənir. Bu təşəbbüsün Zəngəzur dəhlizinin açılışını tormozlamaq üçün irəli sürüldüyü fikrini bölüşürsünüzmü?

- Tamamilə mümkündür. Aİ-ni dəstəkləməyə gəlincə, onların regionda öz iştiraklarını və istəklərini nümayiş etdirmələrinin sülh və firavanlıq üçün olmadığı göz qabağındadır. Sadə dillə desək, bütün bu demaqogiya özlüyündə heç nə ifadə etmir, lakin çoxları üçün çox cəlbedici görünür.

- Paşinyan hansı məqsədlə Azərbaycandan Ermənistana guya təhlükə olması ilə bağlı təxribat xarakterli bəyanatlar səsləndirir?

- Paşinyan, görünür, özü üçün nə isə bazarlıq etmək, bacardığı hər kəsdən hansısa üstünlük əldə etmək istəyir. Baxmayaraq ki, onun daha nəyə arxalandığını bilmirəm.

- Tutaq ki, ABŞ Rusiyanı regiondan sıxışdırdı, bundan sonra Ermənistana hansı rol həvalə olunacaq?

- Ermənistanın dəyəri sıfır olduğu üçün onların başqa nəyə ehtiyacı olduğunu bilmirəm. Erməni diasporu yəhudi diasporası qədər nüfuzlu deyil. Çox güman ki, Ermənistan ciddi qəbul edilməyəcək.

- İrəvan inteqrasiya layihələrindən çıxdıqdan sonra Rusiya ilə Ermənistan arasında münasibətlər necə olacaq?

- Rusiya ilə Ermənistan arasında münasibətlər Türkmənistanla təxminən eyni olacaq.

- Əvvəllər Bakı ilə İrəvan arasında sülhün bağlanmasının labüdlüyünü qeyd etmisiniz. Bu gün də eyni fikirdəsiniz?

- İndi buna heç bir şübhə yoxdur.

- Müşahidələrinizə görə, ortamüddətli perspektivdə Cənubi Qafqazda hansı proseslər gedəcək?

- Ermənistan nəhayət sülh müqaviləsi imzalamaq şəklində təslim olur, mən sizin regionda başqa xüsusi hadisə görmürəm.

- Rusiya-Ukrayna müharibəsinin gələcək ssenarisini necə görürsünüz?

- Müharibə uzana bilər, çox şey Rusiya, Ukrayna və Qərbin rəhbərliyindən asılıdır. Kimin nə oynayacağını dəqiq söyləmək çətindir. Hər tərəfdən həddindən artıq qeyri-adekvatlıq və həddindən artıq maraqlar var. Amma nəzərə alsanız ki, tükəndirmə müharibəsi gedir, o zaman böyük ehtimalla burada Rusiya Qərbə qalib gələcək.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər