PREZİDENT İLHAM ƏLİYEV Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında SAZİŞİ TƏSDİQLƏYİB
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.
TÜRKİYƏ VƏ AZƏRBAYCAN LİDERLƏRİNİN QARDAŞLIĞI, İKİ DÖVLƏT BİR YUMRUQ HƏMRƏYLİYİ BİRLİYİ, DAR GÜNDƏ, XOŞ GÜNDƏ BİR YERDƏ OLMASI SARSILMAZ BİRLİYİNİN ƏYANİ TƏZAHÜRÜDÜR
Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalqə bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
NÖVBƏTİ DƏFƏ İKİ QARDAŞ ÖLKƏNİN LİDERLƏRİ HƏMRƏYLİYİNİ, «BİR MİLLƏT, İKİ DÖVLƏT» OLDUĞUNU NÜMAYİŞ ETDİRDİ
Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin liderlərinin həmrəyliyinin, «bir millət, iki dövlət» olduğunun nümayişi idi: «Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə».
Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etmişdir.
«TÜRKİYƏDƏ BƏRPA İŞLƏRİNƏ DƏ QOŞULMAĞA HAZIRIQ»
Bəli, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” şüarı həm də dövlət siyasətinə çevrildi və Azərbaycanın istiqlala qovuşması ilə iki qardaş ölkə arasındakı mənəvi tellər siyasi, iqtisadi müttəfiqliklə elə bir səviyyədə möhkəmləndi ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kimi dahiyanə kəlamı yüzillik birliyi ifadə edən əbədi möhür oldu. Və bu gün biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, istər Azərbaycanın, istərsə də Türkiyənin xoö günlərində də, çətin günlərində də bir-birinin yanında olub. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".
«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir»,-deyən dövlət başçımız söyləmişdir ki, hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır: «Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!
Bir sözlə, iki güclü ölkənin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.
Bu gün bir millət, iki dövlət - Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi tarixindəki ən yüksək zirvəyə yetişib. İndi Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir, xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir. Bütün çətinliklərə, problemlərə qarşı çiyin-çiyinə mübarizə aparır və birgəliyin verdiyi əzmlə, güc ilə hər zaman qalib gəlir, bundan sonra da Azərbaycan Türkiyə QALİB OLARAQ GÜCLƏNƏCƏK!!!
RƏFİQƏ KAMALQIZI