PDF Oxu

Siyasət

  • 4 395

Onlayn alış-veriş, yoxsa ənənəvi alış-veriş : Modern dövrün tərəqqisi - SORĞU

image

Günümüzdə texnologiyaların sürətli inkişafı, onlayn alış-verişi gündəlik həyatımızın bir hissəsi halına gətirmişdir. Bu ənənəvi alış-veriş tərzində dəyişiklik yaratmış və insanların məhsulları əldə etmək üçün yolları dəyişdirmişdir. SİA olaraq vətəndaşların sosial onlayn və ənənəvi alış-veriş haqqındakı fikirlərini öyrəndik.

Şəhər sakini Türkanə Həsənova düşünür ki, onlayn alış-veriş daha yaxşıdır: “Düşünürəm ki, onlayn alış-veriş etməklə həyatımızdakı digər məşğuliyyətlərə yer ayıra bilirik. Digər tərəfdən, bu vasitə ilə daha yaxşı alış-veriş edir, həm də əlverişli və daha keyfiyyətli məhsullar əldə edə bilirik”.

Şəhər sakini Məfkurə Mirzəli də onlayn alış-verişi daha üstün tutur: “Onlayn alış-verişin daha üstün cəhətlərinin olduğunu düşünürəm. Tələbə olduğumuza görə bizim üçün ən dəyərli faktorlardan biri vaxtdır. Onlayn alış-veriş ilə vaxtımıza qənaət etmiş oluruq və dərslərimizə daha çox vaxt ayırmış oluruq”.

Şəhər sakini Əlikram Qürbətovun fikrincə isə, onlayn alış-veriş daha münasibdir: “Bəzən ənənəvi alış-verişdən istifadə etdiyim hallar olur, amma daha çox Türkiyənin “Trendyol” şirkətindən istifadə edərək onlayn alış-verişdən yararlanıram. Çünki bu platformada qiymətlər daha münasibdir”.

Şəhər sakini Afa Cabbarova onlayn alış-verişdən daha çox istifadə etdiyini bildirib: “İnternetdən alış-veriş etmək mənim üçün yorulmamaq deməkdir. Qarış-qarış mağaza gəzməyimizə ehtiyac qalmır. Fikrimcə, onlayn şəkildə alış-verişin ən müsbət cəhətlərindən biri budur”.

Şəhər sakini Leyla Muradzadə isə ənənəyə sadiq qalaraq ənənəvi alış-verişdən istifadə etməyi daha üstün tutduğunu deyir: “Bəzən onlayn alış-verişdə səhvlərə yol verilə bilir. Sifariş etdiyimiz məhsulların ölçülərindəki fərqlər buna örnək verilə bilər. Məhz buna görə onlayn alış-verişin daha etibarlı olduğunu düşünmürəm”.

Şəhər sakini Rəşid Qarayev onlayn alış-verişdən daha çox istifadə etdiyini bildirib: “Mən daha çox onlayn alış-verişə üstünlük verirəm. Çünki evdən ayrılmadan istədiyimiz məhsullar ayağımıza gəlir. Düzdür, bəzi mənfi hallar olsa da, müsbət cəhətləri daha çoxdur. Amma onlayn alış-veriş zamanı fırıldaqçılara qarşı diqqətli olmaqda fayda var”.

Özləm Quliyeva

Digər xəbərlər