Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi hər zaman əhəmiyyətli rol oynayıb. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar məhz dövlətimizin başçısı cənab İlham Əliyevin xarici siyasət xəttinin məntiqi nəticəsidir. Belə ki, bir sıra ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Buna misal olaraq cari il noyabrın 20-si İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri Prezident cənab İlham Əliyevin fəal xarici siyasətini şərtləndirən ən əsas amilllərdən olmaqla, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir.
Səfəri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bir çox məsələlərə toxunmuşdur. İraqlı həmkarı Əbdüllətif Camal Rəşidin ölkəmizə ilk rəsmi səfərini tarixi hadisə adlandıran Prezident İlham Əliyev bu görüşü ölkələr arasında siyasi, iqtisadi, ticari əməkdaşlığına böyük töhfələr verəcəyini bildirmişdir. Ölkə başçısı bildirmişdir ki, biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik: "İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik". Prezident cənab İlham Əliyev görüş zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qonşu Ermənistan respublikasına da səfərə gedəcəyini nəzərə alaraq Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı təcavüzə başladını, bunun nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalını və etnik təmizləmə siyasəti həyata keçirildiyini qeyd etdi. 1 milyondan çox azərbaycanlının keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Azərbaycan Prezidenti İraq Prezidenti ilə görüşdə bir sıra vacib məqamlara toxunaraq bildirdi ki, BMT-nin və ATƏT-in Minsk qrupunun Azərbaycanın ərazilərini qeyd şərtsiz azad edilməsi barədə verdikləri bəyanatlara Ermənistan tərəfi məhəl qoymurdu. Ölkəmiz bir çox danışıqlar apardı. Son ana qədər sülh yolu ilə torpaqlarımızın boşaldılmasını istədi. Ermənistan isə onu dəstəkləyən, silahlandıran ölkələrə arxayın olaraq öz təcavüzkarlığından əl çəkmədi. Nəhayət, Azərbaycan öz gücü ilə öz torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı. Amma yenə heç bir qayda-qanuna əməl etməyərək, terror törətməyə davam etdi. Bu vaxt kəsiyində də Qərb dairələri qərəzli şəkildə ölkəmizə təzyiq göstərməyə, nədəsə ittiham etməyə çalışırdılar. Biz buna 3 il dözdük vs Sülh yolu ilə, danışıq yolu ilə, heç bir qan tökülmədən tarixi torpaqlarımızın geri qaytarılacağını gözlədik. Nəhayət Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat cəmi 23 saat davam etdi və mülki əhali arasında heç bir itki olmadı. Ərazilərimiz tamamilə terrorçulardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə. Hər iki ölkənin bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.
Tam əminliklə deyə bilərik ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri hər iki ölkə arasında əlaqələrinin daha da inkişaf etdirilməsinə və gələcək əməkdaşlığımızın genişlənməsinə böyük imkanlar yaratmış oldu.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini