PDF Oxu

Siyasət

  • 2 047

Azərbaycan dünyanın güc mərkəzinə çevrilir TƏHLİL

Azərbaycan dünyanın güc mərkəzinə çevrilir TƏHLİL

Yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir

44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsi Azərbaycanın gücünə güc qatdı, nufuzu daha da artırdı. Parlaq, hərbi, siyasi, diplomatik qələbədən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasəti və bu siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının olması Azərbyacnın dünya miqyasında qazandığı böyük nufuzunun göstəricisidir. Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, dünyada artan nüfuzunun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. BMT, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, şəxsən Prezident İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji prestijinin göstəricisidir. Bu inamın, etimadın nəticəsi olaraq beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ənənə xarakter daşıyır.

Beynəlxalq konfranslara ev sahibliyi etməsi Azərbaycanın iqtisadi gücünün, inkişafının və multikultural dəyərlərinin hökm sürdüyü məkan olduğunu təsdiqləyir

Cari ilin noyab ayında İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi, ardınca “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi Azərbaycanın dünüya miqyasında layiqli yer tutması iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. Ötən həftə ölkəmizin paytaxtı növbəti dəfə diqqət mərkəzində oldu. Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər.Nəzrə almaq lazımdır ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Növbəti dəfə 2023-cü ildə Azərbaycan Respublikası SPECA-ya sədrliyi həyata keçirir. Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. SPECA-nın Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar.

“Son 25 ildə əsas çağırışlar arxada qalıb”

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: “Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik”. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır: “Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm”.

Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

“Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb”

Prezident İlham Əliyev çıxışında torpaqlarımızın erməni işğalından azad edilməsinin Azərbaycanın böyük hərbi, siyasi gücə malik dövlət olmasının göstərici olduğunu bildirdi: “Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq». Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dost ölkələr Qarabğda bərpa, quruculuq işlərində yaxında iştirak edirlər. Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İlham Əliyev noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimini birgə həyata keçirdilər. Layihəni macar şirkətlərinin iştirakı ilə icra olunması mümühm böyük əhəmiyyətə malikdir. Özbəkistan, Qazaxıstan dövlətlərinin şirkətləri də işğaldan azad edilən ərazilərin bərpasında, quruculuq, abadlıq işlərinin həyata keçirilməsində yaxından iştirak edirlər.

Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb. Yaradılmasının 25-ci ildönümündə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsidir. Bütün bunlar isə bir daha onu göstərir ki, xalqımızı və dövlətimizi perespektivdə hələ möhtəşəm sosial, iqtisadi uğurlar, diplomatik qələbələr gözləyir.

Eldar İbrahimov

Milli Məclisin İntizam Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər xəbərlər