Prezident İlham Əliyev: "Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik"
"Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışında bildirib.
Əlbəttə ki, bu gün dünya miqyasında söz sahibi olan Azərbaycanın iqtisadi gücü, qüdrəti 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsinin Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etmiş oldu. "2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik" – deyə Cənab Prezident bildirib.
"CƏMİ BİR GÜN ƏRZİNDƏ 1992-Cİ İLDƏ XALQIMIZA QARŞI SOYQIRIMININ TÖRƏDİLDİYİ XOCALI ŞƏHƏRİ DƏ DAXİL OLMAQLA, BÜTÜN ƏRAZİLƏRİMİZ ÜZƏRİNDƏ SUVERENLİYİMİZİ TAM BƏRPA ETDİK"
Tarixin dönəmlərindən bizə məlumdur ki, ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Artıq bu günün diktəsi tamamilə başqadır. Azərbaycan dünyaya çıxmaq imkanına malikdir. Beynəlxalq qurumlar, təşkilatlar, ümumilikdə dünya dövlətləri Azərbaycan ərazisini tanıyır, ona hörmətlə yanaşırlar. Azərbaycan 90-cı illərin əvvəllərinin dövrü ilə müqayisəyə gələ bilməz. Ölkəmizin 44 günlük Vətən müharibəsində Zəfər qazanması bunun bir daha sübütüdür.
Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra Ermənistan bundan sonra da öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədi. "Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar" – deyən dövlətimizin başçısı bildirib ki, buna cavab olaraq və "boz zona"ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirlərinin keçirdik: "Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq".
Bildiyimiz kimi, sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji mövqeyləri ələ keçirərək, qısa müddət ərzində əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə xitam verildi. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaqdır. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Dünya tarixinə ədaləti bərpa etməyə qadir ölkə kimi daxil olan Azərbaycan Xankəndidə keçirilən parad ilə gücünü, qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirdi.
BÖYÜK QAYDIŞI İLƏ DÜNYAYA SƏS SALAN AZƏRBAYCAN
30 ilə yaxın işğal altında olan ərazilərimiz viran qoyulub. Dini-mədəni abidələrimiz tamamilə dağıdılıb. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. erməni vandallığı ilə üz-üzə qalmışdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir. Əlbəttə ki, Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir.
Artıq Azərbaycanın Zəfər tarixindən üç il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Tarixi abidələrimiz təmir və bərpa olunur.
Azərbaycan Böyük Qaydışı ilə dünyaya səs salıb. Qədim mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Cəmi 8 ayda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Ərazilərdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi, ermənilər tərəfindən dağıdılmış məscidlərin, müxtəlif icmalara məxsus dini abidələrin bərpa və təmiri işğalçı Ermənistana zərbədir. Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. proritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir. Qarşıya qoyulan Strateji prioritetlər sırasında "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılması da yer alıb. Bu uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşır.
Zümrüd BAYRAMOVA