Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir.
Cari ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi, ardınca “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi Azərbaycanın dünüya miqyasında layiqli yer tutmasının göstəricisidir. Və bu tədbirlərin ardınca, beynəlxalq tədbirlərin məkanı olan Bakıda noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşünə ev sahibliyi etməklə Azərbaycanın iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. Qeyd edim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin təsdiqidir ki, Prezident İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün Azərbaycanın SPECA-dakı rolumuzun xüsusi olması da məhz Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsidir və bunu keçirilən Zirvə görüşündəki çıxışlardan da aydın göründü ki, bu dövlətlərin Azərbaycana münasibəti dostyanadır, onlar Azərbaycanı siyasi dialoq ölkəsi kimi qəbul edir, iqtisadi islahatların aparıldığı və ciddi nəticə verdiyi bir dövlət kimi görürlər.
Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışında bildirib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: «Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz". Doğrudan da, belədir. Prezidentin qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət aldığı bir vaxtda bizim ölkələrimizdə sülh, sabitlik və əmin-amanlığın hökm sürməsi, inkişafın, quruculuq proseslərinin uğurla getməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha dünyaya sülh mesajları verdi. Və bildirdi ki, Azərbaycan uzun illər, hətta bu gün də ikili standartlar siyasətindən, haqsızlıqdan əziyyət çəkən ölkə kimi çalışır ki, dünyada ədalət bərpa edilsin. İmperialist və müstəmləkəçi siyasət yürüdən ölkələr bu siyasətdən əl çəkməlidir: «Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Dövlətimizin başçısı Zirvə görüşündə çıxışı zamanı müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, işğalçı ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingentinin hərbi təxribatlarına cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq: «Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm». Dövlətimizin başçısı onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, “Böyük Qayıdış” Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bir sözlə, Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün indiki mürəkkəb geosiyasi situasiyada təşkili Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi, qlobal əhəmiyyətli təklifləri Azərbaycanın liderlik mövqeyini bir daha möhkəmləndirib və dünyada nüfuzu getdikcə artan, regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Dövlət başçımızın söylədiyi kimi: «Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm».
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri