Məlum olduğu kimi, Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşü keçirilmişdir. Sammitdə iştirakçı ölkələrin dövlət və hökumət başçıları iştirak etmişlər. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, həmçinin bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsi təsadüfi deyil və əlamətdar hadisədir.
Heç şübhəsiz ki, keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaqdır. O cümlədən, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına da mühüm töhfələr verəcək. BMT-nin Xüsusi Proqramı olan SPECA Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının inkişafı və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün vacib platformadır. Qeyd edək ki, bu proqramda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, Əfqanıstanın da iştirakı mühüm aspektlərdən biridir. Həmçinin, tədbirdə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də fəxri qonaq qismində iştirak etmişlər.
SPECA-dakı Azərbaycanın rolu isə xüsusidir. Belə ki, Çindən Avropaya gedən yollar Orta və Mərkəzi Asiya ilə bərabər, eləcə də əsas dəhliz kimi Azərbaycandan keçir. Onu da qeyd edək ki, ölkəmizin bu proqramda xüsusi rolunun olması Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində mümkün olub. SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündəki çıxışlardan da aydın oldu ki, bu dövlətlərin Azərbaycana münasibəti dostyanadır, onlar Azərbaycanı siyasi dialoq ölkəsi kimi qəbul edir, iqtisadi islahatların aparıldığı və ciddi nəticə verdiyi bir dövlət kimi görürlər. Hazırda Azərbaycan həm də dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verən vacib dövlətlərdən biri hesab edilir. Ona görə də ölkəmizin SPECA-da aparıcı rola malik olması təsadüfi deyil.
Son 2 il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın Zirvə görüşünə Azərbaycanın evsahibliyi etməsi baxımından da əlamətdar hesab edilməlidir. Bu, bir daha sübut edir ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib. Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışında SPECA-nın inkişaf yolundan bəhs etdiyi məqamlara toxunub: "SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz". Həqiqətən də, Prezidentin qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət aldığı bir vaxtda bizim ölkələrimizdə sülh, sabitlik və əmin-amanlığın hökm sürməsi, inkişafın, quruculuq proseslərinin uğurla getməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini