Politik.am: "Belə çıxır ki, problem qlobal miqyas alır"
Ermənistanda fəaliyyət göstərən Politik.am saytı ölkənin baş naziri Nikol Paşinyanı, sözün əsl mənasında, "ağ yuyub-qara sərib". Üstəlik, ölkə başçısına "dəli" möhürünü də vuran adıçəkilən media yazıb ki, 2018-ci ildə baş verən siyasi dəyişikliklər nəticəsində Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndə cəmiyyətdə hər şeyin yaxşı olacağına dair yeni ümidlər yaranmışdı: "Paşinyan ən azı müxalifətçi kimi parlament fəaliyyəti dövründə ictimai çıxışları ilə bir çox insanların rəğbətini və etimadını qazana bilmişdi”.
"Paşinyanı onun dəliliyi ilə müqayisə etmək olar"
Məqalədə daha sonra deyilir: “Təbii ki, həyat başqa bir şey göstərdi. Və o da məlum oldu ki, yeganə problem Paşinyan deyil. Belə çıxır ki, problem qlobal miqyas alır".
Diqqətçəkən məqamlardan biri də Argentinada keçirilmiş prezident seçkisində Xavyer Mileyin Nikol Paşinyana, yaxud Paşinyanın Mileyə bənzədilməsidir. Belə ki, həmin yazıda qeyd olunur: "Argentinada, məlum olduğu kimi, “El Loko” və ya “Dəli” adlandırılan Xavyer Miley prezident seçilib. O, Argentinanın siyasi həyatında dəliliyi ilə tanınır. Paşinyanı onun dəliliyi ilə müqayisə etmək olar. Yeri gəlmişkən, “El Loko” ləqəbli argentinalı prezident o vaxt elan etmişdi ki, onu siyasətlə məşğul olmağa Konan adlı bir ruh sövq edib və ekstrasens vasitəsilə ona çatdırılıb ki, missiyası prezident olmaqdır".
"Nəticədə hakimiyyətə “Dəli” gətirildi"
Məqalədə qeyd edilir ki, dünyanın siyasi səhnəsində yeni tendensiya formalaşır: "Argentina prezidenti Xavyer Miley və Ermənistanın baş naziri Nikol Paşinyanın personajlarının müqayisəli təhlilinə görə bu tendensiyanın mahiyyəti nədir? Elitalar, bir qayda olaraq, öz prinsipsizliyi ilə seçilən, lakin xarizmatik, yumşaq desək, müəyyən mənada təzahür edə bilən xarizması ilə kütləni “ovsunlanmış vəziyyətdə” saxlamağı bacaran fiqurları gündəmə gətirirlər.
Ekssentrik, hətta qeyri-adekvat elementlər bu siyasətçiləri bir növ unikal təlxəyə, sehrbaza çevirir".
"Təbii ki, Argentina Latın Amerikasının sonuncu ölkəsi deyil. Halbuki Argentina həm də müəyyən dərəcədə öz kimliyini müdafiə etməyi bacaran, Qərbə qarşı çıxmağı bacaran ölkə idi. Nəticədə, hakimiyyətə “Dəli” gətirildi", - deyə bildirilir.
"O kifayət qədər ağrılı şəkildə, Qarabağ bahasına və mümkün qədər məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bu tapşırığı uğurla icra edir"
Sonda isə Ermənistanda son həddə çatan anti-Rusiya siyasətinə toxunulur: "Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və bunu Rusiyanın regionda yeganə etibarlı dayağı olan Ermənistanın etməsi üçün mövcud olan geosiyasi problem aradan qaldırmaq lazım idi. Paşinyan bunu bacardı.
O kifayət qədər ağrılı şəkildə, Qarabağ bahasına və mümkün qədər məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bu tapşırığı uğurla icra edir".
Afət Tahirqızı