Dünyanın əksər bölgələrində baş verən müharibələr, münaqişə ocaqları dünyamızın təhlükə qarşısında olduğunu deməyə əsas verir. Vəziyyətdən çıxmağa, problemlərin həll edilməsinə səylər də göstərilmir. Çünki elə güc mərkəzləri var ki, silahlarını satmaq imkanı qazanırlar, elələri də var ki, torpaqlar əldə etməklə həmin torpaqların sərvətlərini talan etməyə maraq göstərirlər. Bu halda uşaqların, yaşlı insanların kütləvi şəkildə həyatlarını itirmələri onları maraqlandırmır. Yaşayış binalarının, min illər yaşı olan mədəniyyət nümunələrinin, tarixi abidələrinin dağıdılması onlar üçün əhəmiyyətsiz görünür. Maraqlar və müəyyən halda laqeydlik dünyanın təlatümlər içində olmasına gətirib çıxarır. Vəziyyətin ağırlığı o dərəcədə kritik xarakter alıb ki, bəzi siyasi, hərbi ekspertlər üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu qeyd edirlər. Təbii ki, üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri bilsələr də, vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə, ABŞ və Avropanın İsrail-HƏMAS müharibəsində birincinin yanında yer almaları vəziyyətin gərginləşməsinə xidmət edən amillərdəndir. Xüsusilə də, Fransa prezidenti Makronun çağırılmamış qonaq qismində Təl-Əvivdə peyda olması və oradan ampluasına uyğun açıqlamalarla çıxış etməsi və hədələyici bəyanatlar səsləndirməsi dünyaya meydan oxumaq kimi qiymətləndirilir. Çünki Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan, belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda töhfə verə bilməz. Bu yaxınlarda Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağışı etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”. Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: “Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur”.
Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”. Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun kaolisiya forması düşünülür. Belə hal yaranarsa müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki, bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.
Fransa Livan vasitəsi ilə HƏMAS-a böyük çeşiddə silah-sursat satıb və bu alveri davam etdirməkdədir
E. Makronun və ümumilikdə Qərbin İsrail-HƏMAS müharibəsini dayandırmaq üçün fəal iş aparmaq əvəzinə savaşın davam etdirilməsinə dəstək vermələri bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Hazırkı məqamda İsraillə HƏMAS arasında əldə olunan atəşkəs rejimi də müvəqqəti xarakter daşıyır. Fransa kimi qızışdırıcı mövqe tutan dövlətlərin səyi ilə tərəflər arasında müharibənin yenidən bərpa olunacağı şübhəsizdir. Bu, Fransanın xarici siyasətinin başlıca prinsiplərindəndir. Müharibələrin sayı çox olarsa Fransa kərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanır. Artıq Livan vasitəsi ilə Fransa HƏMAS-a böyük çeşiddə silah-sursat satıb və bu alveri davam etdirməkdədir. Qeyd etmək lazımdır ki, bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı”sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk növbədə Ermənistana 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Ümumiyyətlə, faktlar təsdiq edir ki, Fransanın Ermənistana hərbi dəstəyi hər zaman olub. 44 günlük Vətən Müharibəsində Fransa müxtəlif vasitələrlə Ermənistanı silahlarla təchiz etmişdir. Nədənsə o zaman Paşinyan hakimiyyəti böyük çeşidli silahlar sırasında yer alan PUA-ları qəbul etməkdən imtina edib.
Dünya ölkələri Fransanın məkrli siyasətinə etiraz edir
Təbii ki, Ermənistan 44 günlük Vətən Müharibəsinin acı nəticələrindən nəticə çıxarmasa regionda yeni müharibənin baş verməsi qaçılmazdır. Bu halda Ermənistan mövcudluğunu tamamilə itirə bilər. Müharibə baş verəcəyi təqdirdə erməni hərbi xuntasını heç bir qüvvə, o cümlədən fransız silahları, ABŞ-ın dəstəyi, Avropa İttifaqının da kömək edə bilməyəcək. Ona görə də Ermənistanın hazırkı rəhbərliyi mövcud reallığı qəbul edərək, Azərbaycanın sülhə xidmət edəcək təkliflərini qəbul etməlidir, Zəngəzur dəhlizi açılmalı, sülh müqaviləsi imzalanmalı, Qərbin, xüsusilə də Fransanın regiona olan əsassız müdaxilələrinə qarşı etiraz edilməklə imtina edilməlidir. Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib. Görünür, müttəfiqi hesab olunan Rusiyanı özündən incik sala biləcəyindən ehtiyat edib. Çünki o zaman Ermənistan hakimiyyəti indiki kimi Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsində deyildi. Paşinyan rejimi müharibənin ilkin mərhələsində Rusiyaya olan ümidlərini tam şəkildə üzməmişdir. Yəni xəyal edirdi ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi, bu dəfə də Rusiya bütün vasitələrlə onlara Azərbaycana qarşı müharibədə yardımçı olacaq. Lakin Rusiya və digər Ermənistana dəstək verməyi düşünən dövlətlər və qüvvələr Azərbaycanın sərt münasibəti ilə üzləşə biləcəklərindən ehtiyat etdiklərindən açıq şəkildə Ermənistana kömək etməkdən imtina etdilər. Nəticədə 2020-ci il noyabrın 10-da Ermənistan təslim olmaq haqqında sənədi imzalamağa məcbur oldu. Məhz Ermənistanın ağ bayraq qaldırmasından sonra Fransa daha geniş və əhatəli şəkildə Ermənistan siyasi və hərbi dəstəyini artırmağa başladı. Bununla geosiyasi, geostrateji maraqları fonunda Cənubi Qafqazda mövcudluğunu təmin etməyə ümid bəsləyir, digər tərəfdən isə Ermənistana Avropa İttifaqının Qarabağ problemi üzərindən etdiyi yardımların qarşılığında bu maliyyə qaynaqlarını özününküləşdirmək istəyir. Lakin Fransanın ümidləri puça çıxacağı şübhəsidir. Çünki regionun lider dövləti olan Azərbaycan heç bir halda Fransanın və ya hansısa digər pozucu qüvvələrin bölgəyə daxil olmasına imkan verməz. Xatırlamaq yerinə düşərdi ki, Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilmədi. Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması da nəticə verməyəcək. Nəticə etibarı ilə 2020-ci il noyabrın 10-da Azərbaycan qarşısında ağ bayraq qaldıran Ermənistan Fransa kimi dövlətlərin təsiri altında qalmaqda davam edəcəyi təqdirdə dövlətçiliyini itirməli olacaq. Çünki regionun hərbi, siyasi, iqtisadi və digər sahələrdə güc mərkəzi olan Azərbaycanın Ermənistanın təxribatlarına və pozuculuğa xidmət edən fəaliyyətinə göz yummaq fikrində deyil. Sərhəddə təxribatlar baş verəcəyi təqdirdə ciddi şəkildə Ermənistanın cəzalanacağı şübhəsizdir. Ona görə də Ermənistan Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunub, saxlanmasını və mövcudluğunu itirməmək üçün Azərbaycanın sülhə xidmət edən təkliflərini qəbul etməlidir. Nəzərə alınmalıdır ki, Fransanın və digər ermənipərəst dairələrin Ermənistanı silahlandırması onsuz da gərgin olan Cənubi Qafqazda vəziyyəti dərinləşdirə bilər. Ermənistanın məhz Fransa tərəfindən silahlandırılmasını təsdiq edən bir sıra faktlar mövcuddur. Fransanın 50 ədəd VAB MK3 zirehli transportyorlarını, "Bastion" və "Şerpa" zirehli maşınlarını İrəvanın alacağı qeyd olunurdu. Artıq Fransa noyabrın əvvəlindən başlayaraq Ermənistana silahlarını tədarük etməkdədir. Haqlı olaraq da əksər demokratik düşüncəli dünya xalqları, dövlətləri Fransanın siyasətini açıq şəkildə pisləyirlər. Bu günlər Azərbaycanda səfərdə olan İraq prezidenti ilə görüşdə, xüsusilə də, Azərbaycan və İraq prezidentlərinin mətbuata birgə bəyanatı zamanı Fransanın neokolonialist siyasət yürütməsinin vurğulanması rəsmi Bakının növbəti uğurlu taktiki addımlarındandır. Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması bu səfərin əhəmiyyətini göstərir. Bir daha nümayiş olunur ki, Azərbaycan demokratik dövlətdir və istənilən dövlətlə əməkdaşlıq əlaqələri qurmağa hazırdır. Eləcə də Ermənistan mövcud reallığı qəbul etməli, sülhə və təhlükəsizliyə təhdid yaradan Fransadan imtina edib, ağıllı siyasətin aparılmasına üstünlük verməlidir.
İ.ƏLİYEV