YAP Ağcabədi rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Gənclər Siyasəti” mövzusunda konfrans keçirilmişdir.Konfransı ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mobil Məcidov açmış, keçirilən tədbirin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri olmuş Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini qeyd etmişdir. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Azərbaycanın Dövlət Himni səsləndirildi.
Konfransda ADPU-nun Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini, YAP ərazi Partiya təşkilatının sədri dosent Mahir Səlimov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə etdi. Məruzədə qeyd edildi ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bir çox sahələrə xüsusi önəm verdi. Həmin sahələrdən biri də Gənclər siyasəti idi.
Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi” mövzusunda geniş məruzə edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişində, tərəqqisində öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə, problemlərdən çıxış yollarını göstərə, ən mürəkkəb siyasi məsələlərlə bağlı konkret təkliflər irəli sürə bilməsindədir. Bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə stimul vermişdir.
Konfransda Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Aytən Hüseynli məruzələr ətrafında çıxış edərək, bu gün ölkəmizdə gənclər üçün hər bir şərait yaradıldığını, gənclərin keyfiyyətli təhsil almaları, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün hər cür şərait yaradıldığını vurğulamışdır. Çıxışda o da səslənmişdir ki, Azərbaycan gənci 44 günlük Vətən Müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında əsl vətənpərvərlik nümunəsi göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni tapdağından azad edərək, tarix yazmışdır.Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Videoçarx nümayiş etdirildi.YAP Ağcabədi rayon təşkilatı tərəfindən tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup tələbə gəncə YAP vəsiqələri, eyni zamanda rayon təşkilatının həmin təhsil müəssisəsindən olan könüllülərinə sertifikatlar təqdim edildi.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.