Yanlışlıq, hadisələri düzgün analiz edib, ona müvafiq addımların atılmaması nəticədə xoş olmayan sonluqla yekunlaşır. Xüsusilə də siyasət adamının səhv, düşünülməmiş addımları ağır nəticələr verir. Bununla nəinki özünü, ümumilikdə ətrafında olanları da uçuruma sürükləyir. Ona görə də, siyasətçi hər bir addımını atarkən düşünməli, verəcəyi qərarlaröncəsi yaxşı-yaxşı fikirləşməlidir. Görünən isə ondan ibarətdir ki, bu gün Azərbaycan müxalifətinin dağıdıcı qanadı hesab edilən şəxslər fəaliyyət istiqamətlərini kor-koranə müəyyənləşdirib hərəkət edirlər. Bu korluq nəticə etibarı ilə partiyaların parçalanmasına, siyasi arenanı tərk etməsinə gətirib çıxarır. Misal olaraq son vaxtlar AXCP-dən olan kütləvi istefaları göstərmək olar. “Siyasi partiyalar haqqında qanun”un yenicə qəbul edildiyi, siyasi partiyaların Ədliyyə Nazirliyindən təkrar qeydiyyatdan keçdiyi bir vaxtda AXCP-nin istefalarla üzləşməsi bu partiyanın sonunun heç də uzaqda olmadığını göstərir. Sual yaranır, niyə AXCP-dən istefalar baş verir? Nədən AXCP gərəksiz partiya kimi dəyərləndirilir? Cavab birmənalıdır, Əli Kərimlinin dövlət və millət maraqlarına zidd siyasət aparması AXCP-dəki sağlam düşüncəli insanları narahat edir, etirazlar isə qəbul edilmir. Çünki rəhbərliyin siyasətinə təpki göstərənlərin aqibəti Sahib Kərimli, Aydın Əliyev və digərləri kimi partiyadan uzaqlaşdırmaq olur. Ən acınacaqlısı isə partiyadan xaric edilənlər sonradan Ə.Kərimlinin trol dəstəsi tərəfində sosial şəbəkələr üzərindən təhqir edilir, haqlarında çoxsaylı ittihamedici statuslar paylaşılır. Ona görə də, AXCP-ni tərk etmək istəyənlər sakit şəkildə qərarlarını həyata keçirirlər.
Xarici dairələrin Azərbaycana yönələn qərəzli yanaşmalarının artmasında Ə.Kərilmli kimi satqınların xüsusi rolu mövcuddur
Azərbaycan 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandı, torpaqlarını erməni işğalından azad etməsindən sonra yerli və xarici qüvvələr narahat olmağa başladılar. Müxtəlif şər və böhtanlarla, pozucu aktlarla, məntiqsiz qərarları ilə uğurlarımıza kölgə salmaq, böyük yolun davamına əngəllər yaratmağa çalışırlar. Əli Kərimli və trol dəstəsi bu xüsusda daha fəaldılar. Belə demək mümkünsə bəzi xarici dairələrin Azərbaycana yönəldilmiş qərəzli yanaşmaların, şər və böhtanların sayının artmasında Ə.Kərilmli kimi satqınların xüsusi rolu və fəaliyyətləri mövcuddur. Bir qədər əvvəl Bakıda keçirilən Qoşulmama Hərəkatının toplantısında Fransanın müstəmləkə siyasətinin kəskin tənqid edilməsinə və dünya birliyindən Fransa hökumətinə qarşı sərt cəzaların tətbiq edilməsi çağırışlarına Ə.Kərimlinin sağ əli hesab olunan Tofiq Yaqublunun etiraz etməsi və Fransanın tənqid olunmasına qarşı çıxması AXCP sədrinin tapşırığı əsasında ifadə olunan fikirlərdir. Çünki T.Yaqublu elə bir ağılsız və düşüncəsiz insandır ki, onun öz ağlı ilə hansısa fikri söyləyə biləcəyi inandırıcı deyil. Eyni zamanda, “Milli Şura”nın didərgin sədri Cəmil Həsənlinin Azərbaycan əleyhinə xarici radiostansiyalar vasitəsi ilə böhtanlar səsləndirməsi Ə.Kərimlinin tapşırığı əsasında söylənilir. Yəni, Ə.Kərimli xaricdən aldığı pullarından T.Yaqubluya, C.Həsənliyə qəpik-quruş verməklə, onları Azərbaycanın dövlət maraqlarına qarşı sərsəm fikirlər söyləməyə məcbur edir. Bütün bu kimi faktlar onu təsdiq edir ki, Ə.Kərimli, T.Yaqublu, C.Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı dilə də gətirirlər. Ə.Kərimlinin, C.Həsənlinin, T.Yaqublunun “ABŞ belə istəyir”, “ABŞ-a qarşı çıxmaq sadəlövhlükdür”, “Fransa dost ölkələrdəndir” və bu kimi yarınmağa xidmət edən açıqlamalar, deyilənlərin əsaslı olduğunu göstərir. Təsdiq olunur ki, Avropanın müəyyən dairələrinin və ABŞ-ın bəlli qüvvələrinin maraqlarından çıxış etməklə Ə.Kərimli və trol dəstəsi maliyyə yardımları əldə edirlər. Təbii ki, bu kimi satqınlıq bağışlanmazdır, cəzası mütləq olmalıdır.
Əli Kərimlinin riyakarlığı AXCP-nin dağılmasına gətirib çıxarır
“Siyasi partiyalar haqqında qanun”nun tələblərinə görə, partiyalar Ədliyyə Nazirliyindən təkrar qeydiyyatdan keçdikdən sonra növbəti qurultayını keçirməlidir. Görünən ondan ibarətdir təkrar qeydiyyatdan keçən 26 partiyanın demək olar ki, əksəriyyəti qanunvericiliyin tələblərini yerinə yetirərək qurultaylarını keçiriblər. Yenə də geridə qalan AXCP-dir. Əli Kərimli müxtəlif bəhanələr gətirməklə qurultayın keçirilməsini uzadır. Bununla bağlı ona ünvanlanan suallara özünəməxsus anormal cavablar verir. Gah deyir, qurultaya hazırlıq üzrə təşkilat komitəsi qurultayın vaxtını müəyyənləşdirməyib, gah iddia edir ki, dövlət onlara qurultayın keçirilməsi üçün yer ayırmır, gah da cəfəng fikirlər irəli sürərək bildirir ki, guya hökumət onların qurultaylarını keçirməyə əngəllər yaradır. Hətta ənənəvi şəkildə hədələyici mesajlarla çıxış etməkdəndə çəkinməyir: “AXCP yenidən qurultay keçirəcək. Hökumət yer verməkdən imtina etməsə, qurultayımızda partiyamızın yeni proqramı da qəbul olunacaq. Yeni partiya proqramımızda ölkənin problemlərini necə həll edəcəyimizi də yazmışıq”. El məsələsidir, “çobanın könlü olsa təkədən pendir tutar”. Əgər Ə.Kərimli qurultay keçirməkdə istəkli olsa, onu evində oturmaqla onlayn formada təşkil edib, keçirə bilər. Artıq bununla bağlı təcrübədə mövcuddur. Bəzi siyasi partiyalar, onlayın formada qurultaylarını keçirərək, nəticələrini Ədliyyə Nazirliyinə təqdim ediblər. Ə.Kərimli qurultayın keçirilməsinin vaxtının uzatmaqla məkrli məqsədi var. Çalışır ki, ondan narazı qalan, qurultayda israrlı şəkildə istefasını tələb edəcək şəxsləri müəyyən şirnikləndirici vədlərlə razı salsın. Lakin inandırıcı deyil ki, Ə.Kərimliyə qarşı sərt mövqe sərgiləyən hansısa cəbhəçi nəyinsə qarşılığında öz məqsədindən imtina etsin. Bu isə onu deməyə əsas verir ki, budəfəki qurultay Ə.Kərimli üçün sonuncu ola bilər.
İ.ƏLİYEV