PDF Oxu

Siyasət

  • 4 743

Bizi Qarabağ və Şərqi Zəngəzura aparan yollar - TƏHLİL

Bizi Qarabağ və Şərqi Zəngəzura aparan yollar - TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, Suqovuşan‒Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurulacaq

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yol infrastrukturunun təzələnməsi daha da sürətləndirilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin "Suqovuşan-Kəlbəcər (9 km)Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon (dörd milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlər də bu sıradadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

YENİLƏNƏN ŞƏHƏR, KƏND VƏ QƏSƏBƏLƏR: MÜASİR YOL İNFRASTRUKTURU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfəri çərçivəsində Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoyulması bu ərazilərdə yol infrastrukturunun tezliklə qurulacağından xəbər verir. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir.

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunuan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

SUQOVUŞANDA YENİ HƏYAT

Sevindirici haldır ki, Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon, kənd və qəsəbələrin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları, "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilməsi və s. ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Suqovuşanda təkcə yol infrastruktu deyil, abadlıq-quruculuq işləri də davam etdirilir.

Görülən işlərin davamı olaraq "Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı, Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışı olub. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı Azərbaycanın hərbi təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının göstəricisidir. Suqovuşanda açılışı olan hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

Onu da bildirək ki, Suqovuşanda Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Suqovuşan qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binası təmir olunur. Əlbəttə ki, bu və ya digər irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.

AZƏRBAYCANIN İQTİSADİ GÜCÜ, DİNAMİK İNKİŞAFI

44 günlük Vətən müharibəsində 30 ilə yaxın zamanda erməni işğalı altında olan torpaqlarımız azad edildikdən sonra torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı, Azərbaycanın tarixi adları özünə qaytarılır, dini-tarixi abidələrimiz təmir və bərpa olunur.

Tarixdən bəllidir ki, 1969-cu ilin iyun ayında Basarkeçər rayonunun adı dəyişdirilərək Vardenis qoyulmuşdur. Bu ad Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edildi. 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşanın da tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, toponimlərini də, tarixi-mədəniyyət abidələrini də bərpa və təmir edir. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı qeyd etdiyimiz bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. İşğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır və yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər