“1 dekabr Laçın rayonunun işğaldan azad olunduğu gündür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdir”. Bu fikirləri “Səs” qəzetinə açıqlamsında Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, tarixi müraciətində Ali Baş Komandan İlham Əliyev bildirdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbənin nəticəsi olaraq üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.
E.İbarahimov onu da vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızda təmir- bərpa, quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir: “Bu gün böyük fəxrlə və qürurla azadlığına qovuşan Qarabağımızı, Şərqi Zəngəzuru yenidən qururuq. Öz gücümüzə, öz imkanlarımız hesabına qurub, yaradırıq. 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayrılması bir daha təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir”.
YAP İdarə Heyətinin üzvü onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər görülür: “Əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün su, qaz, elektrik, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Prezidentimiz ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib: “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq” . Bir sözlə tarixi torpaqlarımız dirçəlir, insanlar doğma yurdlarına qayıdaraq normal həyatlarını bərpa edirlər. Biz Müzəffər Ali Baş Komandanın dediyi kimi Qarabağı və Şərqi Zəgəzuru cənnətə çevirəcəyik. Bununla da bütün dünyaya Azərbaycan xalqının güclü və qüdrətli xalq olduğunu nümayiş etdirəcəyik”.