Şəhid ailələri və əlillərə daha 250 mənzil təqdim edildi
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür.
Görülən işlərin davamı olaraq, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Həssas əhali qruplarından olan şəxslərin, xüsusilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşları daim diqqət və qayğı ilə əhatə olunur.
MƏNZİL TƏMİNATI PROQRAMI 5 DƏFƏ GENİŞLƏNİB
Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib. Həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin ailələrinin, habelə həmin tədbirlər zamanı yaralanmış hərbçilərimizin də sosial dəstəklə təminatının hazırda əsas fəaliyyət istiqamətlərindən biridir və bu istiqamətdə müvafiq işlər aparılır.
"Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı", "Qəhrəmanlarımız üçün yaşıl işıq" sosial-psixoloji dəstək layihəsi də həyata keçirilir. Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib. Peşə Əmək Reabilitasiyası Mərkəzində onlar üçün müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu artıq kursları bitirərək müvafiq peşə şəhadətnamələri alıblar. Digərlərinin peşə-reabilitasiya kursları davam edir. Peşə kursu keçən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən 7 nəfəri qardaş Türkiyədə əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərində təcrübə kurslarında da iştirak ediblər. Müharibə ilə əlaqədar əlilliyi olan daha 2 müdavimin də gələn ay Türkiyəyə təcrübə kursuna göndərilməsi nəzərdə tutulub.
Bütün bunlarla yanaşı, şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 891 şəxsə sığorta ödənişi edilib. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 49,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
SON NƏSİL PROTEZLƏRLƏ TƏMİNAT PROQRAMI
Statistik rəqəmlərə nəzər saldıqca dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanlara ayrılan diqqət və qayğını görmüş oluruq. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 93,3 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 304 min xidmət göstərilib. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazinin, müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Müharibə ilə əlaqədar əlilliyi olan 1990 şəxs 43,1 min reabilitasiya vasitəsi, o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.
Nəzakət ƏLƏDDİNQIZI