Polşalı ekspert Yakub Koreyba: "Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi bağlamaq öz dövlətçiliyini qoruyub-saxlamaq üçün son şansdı"
Regionumuzda geosiyasi vəziyyətin dəyişməsi Cənubu Qafqaza maraqları artırıb. Belə ki, Ermənistan üzərindən bölgəyə soxulmaq istəyən Qərb Rusiyanı buradan çıxdaş etmək niyyətindədir. Daha dəqiq desək, regionu nəzarətinə götürmək üçün dəridən-qabıqdan çıxan ABŞ regionda söz sahibi olan qüvvələri zərərsizləşdirmək siyasəti aparır. Lakin onların cızdığı plan region dövlətlərinin maraqlarına zidd olduğundan amerikalıların bölgəyə daxil olmaları mümkünlüyü real görünmür.
Polşalı politoloq Yakub Koreyba Azərbaycanın Qarabağ üzərində öz suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda mövcud qüvvələr balansını qiymətləndirərkən ölkə mətbuatına verdiyi müsahibəsində deyib ki, istənilən beynəlxalq vəziyyətdə müsbət cəhətləri görmək lazımdır: "Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bütün Azərbaycan xalqı üçün faciəyə çevrilmişdi və regionda bədbinlik vardı. Bu gün regionda vəziyyət kökündən dəyişib. İndi dünyada aktiv təlatümlər və qlobal miqyasda siyasi qüvvələr balansının dəyişməsi prosesi gedir. Prinsipial amil ondan ibarətdir ki, Azərbaycan Qarabağda münaqişə ocağını faktiki olaraq təkbaşına neytrallaşdırıb. Ona görə də Cənubi Qafqazın böyük dövlətlərin maraqlarının toqquşması meydanına çevrilməməsi çox müsbət faktdır".
"Vaşinqton özlərindən başqa hər kəsin taleyinə biganədir"
Koreyba ABŞ-ın ermənipərəst siyasətinə də münasibətini açıqlayarkən qeyd edib ki, məsələyə daha geniş kontekstdən baxmaq lazımdır: "Məsələ burasındadır ki, hazırda ABŞ və Çin arasında qlobal mübarizə gedir. Əsas məsələ liderlik uğrunda rəqabətdir. Böyük dövlətlərin hər biri özünə xüsusi yer təmin etməyə çalışdıqca, təsir zonaları bölünür. Bu baxımdan, ABŞ-ın konkret olaraq ermənipərəst mövqe tutduğunu deməzdim. Əslində, Vaşinqton azərbaycanlıların, ermənilərin, polyakların, özlərindən başqa hər kəsin taleyinə biganədir. Hətta Fransanın ermənipərəst mövqeyinə baxmayaraq, onlar ermənilərə öz məqsədləri naminə xidmət edirlər. Bu, daha çox Ermənistanın böyük dövlətlərin hörmətini qazanmaması ilə bağlıdır".
"Azərbaycana qlobal miqyasda hörmət böyükdür"
"Qərəzsiz deyə bilərəm ki, Azərbaycana qlobal miqyasda hörmət böyükdür. Mən bunu şəxsi müşahidələrimə əsaslanıb deyirəm", - qeyd edən polşalı ekspetə görə, amerikalılar Cənubi Qafqazda güclü mövqelərə sahib olmağa can atırlar. Bununla da Çin, Rusiya və Türkiyənin eyni fürsətdən yararlanmasının qarşısını almağa çalışır. Sonuncunun artıq regional liderə çevrilməsi Vaşinqtonu da narahat edir: "Onlar hesab edirlər ki, bütün qlobal məsələləri dövlətlər həll etməlidir. Müvafiq olaraq, müəyyən qərarları təkbaşına qəbul edə bilən ölkələr avtomatik olaraq ABŞ üçün arzuolunmaz hesab edilir. Şəxsən mən bir polyak olaraq Türkiyə və Azərbaycanın dünyada mövqelərinin güclənməsini müsbət qiymətləndirirəm, çünki bu, Polşanın maraqları ilə üst-üstə düşür. Ancaq maraqları Polşanın maraqlarına tamamilə zidd olan Rusiyaya gəldikdə, mən eyni fikirdə deyiləm. Amma ABŞ rəhbərliyinin nöqteyi-nəzərincə suveren ölkələr həddi keçməməlidirlər. Məsələn, onlar hesab edir ki, hər hansı mühüm qərar qəbul etməzdən əvvəl həm Ərdoğan, həm də Əliyev ABŞ-ı xəbərdar etməli və onlardan icazə almalıdır. Bu, sırf Amerika təfəkkürüdür, ona görə də konkret halda bu problemə Vaşinqtonun ermənipərəst maraqları baxımından deyil, daha geniş miqyasda baxmaq lazımdır".
"Ermənistan hazırda dünyanın siyasi xəritəsindən silinmək riski ilə üz-üzədir... Paşinyan özünü psixopat kimi aparır"
Polşalı ekspert hesab edir ki, ABŞ üçün bu və ya digər ərazinin kimə məxsus olmasının, kimin harada yaşadığının və nəyə nəzarət etdiyinin əhəmiyyəti yoxdur: "Bütün bunların amerkalıların nəzarəti altında baş verməsi onlar üçün vacibdir".
O, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanma ehtimalının nə qədər olmasına da proqnoz irəli sürərək deyib ki, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi bağlamaq öz dövlətçiliyini qoruyub-saxlamaq üçün son şansdır: "Ermənistan hazırda dünyanın siyasi xəritəsindən silinmək riski ilə üz-üzədir. Çünki onlar qonşuları ilə normal münasibətlər qurmağı bacarmırlar. Paşinyan özünü psixopat kimi aparır. Mən Ermənistanda oldum və ölkə əhalisinin yaşadığı acınacaqlı vəziyyəti öz gözlərimlə gördüm".
Yakub Koreyba digər maraqlı məqama da toxunaraq qeyd edib ki, bu gün erməni cəmiyyəti qəzəblidir və daim öz dərdlərinin günahkarını axtarır: "Ermənilərə görə bu vəziyyətə düşmələrində özlərindən başqa hamı günahkardır".
"Avropa İttifaqı lobbiçilərin bazarına çevrilib və bu da Aİ strukturunun mənəvi cəhətdən çürüməsindən xəbər verir"
Avropa İttifaqının Cənubi Qafqazla bağlı qərəzli siyasət yürütməsinə də münasibətini açıqlayan politoloq bildirib ki, Aİ-nin Cənubi Qafqaz siyasəti onu təəssüfləndirir: "Çünki mən də Avropa İttifaqında yaşayıram və bu təşkilatın konseptual olaraq necə nüfuzdan düşdüyünü müşahidə edirəm. Aİ-nin nəyə nail olmağa çalışdığı, kimin maraqlarını müdafiə etdiyi tam aydın deyil. Aİ-nin müxtəlif qurumları ayrı-ayrılıqda fəaliyyət göstərir və faktiki olaraq onların hər birinin öz maraqları var. Ermənistana müşahidəçi missiyası göndərmək kimi gülünc qərarlar təşkilatı gözdən salır. Bunun Aİ-nin maraqları ilə necə əlaqəli olduğu və onun xarici tərəfdaşlarla münasibətlərini necə formalaşdırdığı aydın deyil. Təəssüf ki, Avropa İttifaqı lobbiçilərin bazarına çevrilib və bu da Aİ strukturunun mənəvi cəhətdən çürüməsindən xəbər verir".
"Texniki və hüquqi baxımdan Ermənistan separatizmi dəstəkləyən dövlətdir"
Bu arada, Ermənistanın Qərbə tərəf istiqamət alması və bunun müqabilində Aİ-yə üzv olacağı iddialarına da açıqlama verən ekspert bunun qeyri-mümkünlüyü barədə danışıb. Onun sözlərinə görə, Ermənistanda Aİ-yə üzvlük sevdasının baş qaldırması boş xülyalardır.
"Texniki və hüquqi baxımdan Ermənistan separatizmi dəstəkləyən dövlətdir", deyən Koreyba bunun Avropa dəyərlərinə uyğun gəlmədiyini deyib. "Ona görə də hesab edirəm ki, İrəvanda nə qədər xəyal qursalar da, bu ölkənin Aİ-yə üzv olmaq perspektivi yoxdur", - deyə polşalı politoloq fikirlərini yekunlaşdırıb.
Afət Tahirqızı