Prezident İlham Əliyev: “Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. “Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Verner İohannisə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.Məktubda Azərbaycan-Rumıniya münasibətlərinin xoş ənənələrə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur. “İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir”, - deyən Azərbaycan Prezidenti bu əlamətdar gün münasibətilə rumıniyalı həmkarına cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Rumıniya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.Tgbii ki, iki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Münasibətlərin tarixi ötən əsrləri əhatə edir və bu münasibətlərin əsası mənbələrdə qeyd olunduğu kimi, hələ XV əsrdə qoyulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanımışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş və Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Ulu Öndər Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirmişdir. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlmiş və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanmışdır.
DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRDƏ KÖRPÜ
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də əlaqələri uğurla inkişaf etdirir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. Prezident İlham Əliyev çıxışlarının birində ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolu oynayıb.Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya məlum rəsmi səfəri dövlətlərarası münasibətlərin inkişafına söykənir. Ötən ilin dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilmişdir. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilmişdir.
AZƏRBAYCAN REGİONDA ƏSAS TƏRƏFDAŞ ÖLKƏDİR
Bildiyimiz kimi, dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalayıblar. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır.Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya səfəri çərçivəsində Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaratmış oldu. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdırmaqla yanaşı, regionlara təmiz enerjiyə keçidə nail olmağa təkandır. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti mühüm əhəmiyyətli bir layihədir. Sazişin imzalanması yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Avropanın enerji təhlükəsizliyinə veriləcək ümumi töhfədir.
QAZ TƏCHİZATININ COĞRAFİYASI GENİŞLƏNİR
Müasir günümüzdə Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. "Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var" – deyən dövlət başçısı onu da qeyd edib ki, bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq:"Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. …Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”. Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq – deyən Prezident bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş ölkələrin yaşıl enerji sahəsində sıx əməkdaşlığın təzahürüdür. Əlbəttə ki, Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Saziş ölkəmizin beynəlxalq güc kimi önəmini daha da artırır. Sazişin imzalanması ilə Azərbaycan qeyd olunan dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır. Sözü gedən Sənədlə Rumıniya, Gürcüstan, Azərbaycan və Macarıstanın iştirakı ilə Qara dənizdə sualtı enerji kabelinin yaradılması layihəsi bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək. Təbii ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" dünyada yaşanan enerji böhranın qarşısını almaq istiqamətində atılan növbəti vacib addımlardandır.Göründüyü kimi,dövlətləri tarixi münasibətlər, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir. Birgə səylərlə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırır. Dövlətləri birləşdirən çoxtərəfli əlaqələr möhkəm təməl üzərindədir.
Zümrüd BAYRAMOVA