Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri arasında ən etibarlı tərəfdaş ölkə olaraq tanınır və qəbul edilir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Təbii ki, Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasət aparmasıdır. İqtisadi, sosial uğurlar əhalinin daha firavan yaşamasına təminat verir. Hər il insanların sosial rifah halının yaxşılaşması, çoxsaylı yeni iş yerlərinin yaradılması, xüsusilə də, işğaldan azad edilən ərazilər də geniş miqyaslı quruculuq, abadlıq işlərini aparılması, bölgələrə köçürülən insanların məşğulluğunun təmin olunması istiqamətində uğurlu addımların atılması aparılan dövlət siyasətinin düzgün və əsaslı olduğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır.
Pozucu beyinləri işə salmaqla Azərbaycanın uğurlarını əngəlləməyə çalışırlar
Böyük qələbələr, möhtəşəm uğurlar bəzi xarici ölkələri ciddi şəkildə narahat edir. Bu baxımdan, bütün resurslarını, pozucu beyinləri işə salmaqla Azərbaycanın müstəqil siyasətini, sosial, iqtisadi, hərbi uğurlarını əngəlləməyə çalışırlar. Bu sırada Avropanın bəzi ölkələrinin və ABŞ-ın yer alması təəccüb doğurur. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verən ölkə olmaqla yanaşı, hər iki dövlətin maraqlarına xeyir verən ikitərəfli əməkdaşlıqlara üstünlük verib. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik qaz kəməri Yunanıstan və Albaniyadan keçir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun imzalanması, bəzi ölkələrə neft məhsulları ixrac etməsi, qaz təchizatını gerçəkləşdirməsi qeyd olunanların təsdiqi sayıla bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri, davamlı və pozitiv siyasi dialoqun inkişafından xəbər verir. Səfər çərçivəsində Prezident İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində, Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışında iştirak edib, Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev ilə təkbətək görüş keçirib. Ölkəmizin Rumuniya, Sloveniya, Macarıstan, Yunanıstan, Albaniya və digər dövlətlərlə geniş əməkdaşlıq, əlaqələri mövcuddur. Bu əlaqələrin dostluq üzərində qurulmasının nəticəsi olaraq BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündə fəxri qonaq qismində iştirak edən Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İlham Əliyev noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimini birgə həyata keçirbilər. Layihəni macar şirkətlərinin iştirakı ilə icra olunması böyük əhəmiyyətə malikdir. Yəni Azərbaycan Avropanın bəzi ölkələri ilə səmimi və mehriban dostluq üzərində qurulan əməkdaşlıq əlaqələri mövcuddur. Lakin bu əlaqələri Almaniya, Fransa kimi dövlətlərə, okeanın o tayında bölgəyə boyalanan ABŞ-a aid etmək olmaz. Çünki sözügedən dövlətlər Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlar, regionun lider dövləti olmasından, Avropaya müəyyən məsələləri diqtə edən dövlət olmasından narahatçılıq keçirilər.
ABŞ bəşəri dəyərlərə zidd siyasət aparır
ABŞ yanlış və maraqlara söykənən siyasət aparmaqla dünya birliyindən özünü tədric edib. Demək olar ki, dünya xalqlarının az qala 90 faizi ABŞ-a nifrət edir, ABŞ-ın dünya üçün təhlükə hesab edirlər. ABŞ-da demokratik dəyərlər ayaqlar altına atılır, insanlar zorakılığa məruz qalırlar, lakin hakimiyyət bunu görmək istəmir. Hər məqamda başqa ölkələrdə xırda məişət problemlərinin olmasını əsas gətirib, hay-küy qaldırır. Dəfələrlə bu cür yanaşmanı Azərbaycana qarşıda nümayiş etdirib. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu var. Elə bir münaqişəli dövlət yoxdur ki, orada Fransa kimi ABŞ-ın da əli olmasın. Liviya, Suriya, İraqın, Əfqanıstanın düşdüyü vəziyyət hər şey sübut edir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Ukraynanın düşdüyü vəziyyət, xüsusilə də, Ukraynanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasının günahkarı ABŞ-dır. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlər unudulmayıb. Təbii ki, heç zaman törətdiyi soyqırımı aktları yaddan çıxmayacaq. Bu baxımdandır ki, Latın Amerikası ölkələrində Amerikaya qarşı kəskin mənfi münasibət mövcuddur. Bu mənfi yanaşmalar getdikcə daha da dərinləşməkdədir. İndi isə ABŞ İsrail-Fələstin qarşıdurmasını gərginləşdirməyə çalışır. Bütün dünya münaqişənin sülhlə əvəzlənməsinə çalışdığı halda rəsmi Vaşinqiton İsraili müxtəlif yüksək dəqiqliq silahlarla təchiz etməklə qızışdırıcı mövqe tutur. Onları Qəzzanın dağıdılması, dinc insanların həyatlarını itirməsi maraqlandırmır. Məqsəd müharibənin davam etməsi və öz silahlarını qarşıduran tərəflərə, xüsusilə də İsrailə sırımaqdır.
ABŞ Ermənistandakı revanşistləri terror aktları törətməyə təhrik edir
Azərbaycan ərazi bütövlüyü bərpa etdikdən sonra ABŞ daha açıq formada anormal yanaşmasını nümayiş etdirdi. Noyabrın 15-də ABŞ Konqresi “Ermənilərin müdafiəsi haqqında qərar” qəbul etməklə, ölkəmizə olan ikili siyasətini əyani şəkildə təsdiqləmiş oldu. Bəlli oldu ki, ABŞ Azərbaycana qarşı olan tarixi səhv siyasətini dəyişməyib. 30 illik erməni işğalı zamanı ABŞ Azərbaycana dəstək göstərmədiyi halda Qarabağdakı separatçılara mina təmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırıb. Dəfələrlə separatçılar ABŞ-da yardım kampaniyaları keçirib milyonlarla dollar maliyyə vəsaiti yığıblar. Bir dəfə də olsun Konqresdə Ermənistanın Azərbaycana qarşı terrorçu əməllərini, işğalçı siyasəti tənqid edən məsələ müzakirə etmədi. Adi görünən məsələ ilə bağlı çıxış etməkdən də imtina edib. Əksinə, 1992-ci ildə Ermənistan ardıcıl şəkildə Azərbaycan torpaqlarını işğal edən zaman ABŞ azadlığa dəstək aktına 907-ci əlavəni qəbul etdi. Bu qondarma əlavə bu gün də qüvvədədir. Sadəcə olaraq, ABŞ prezidentləri onun hüquqi qüvvəsini hər il dayandırırlar. Fikir verin, Azərbaycanın torpaqları ardıcıl olaraq Ermənistan tərəfindən işğal edilir, haqsız çıxarılan tərəf yenə də Azərbaycan olur. Bu, ABŞ-ın riyakarlığının və ikiüzlü siyasətinin göstəricisidir. Təbii ki, Azərbaycan xalqı uzun illər bu pisliyi, riyakarlığı görüb, bundan hiddətlənib və heç vaxt unutmayacaq. ABŞ-ın Azərbaycana olan yanlış siyasəti söz yox ki, ermənipərəst dairələrin göstərişi və sifarişidir. Əgər bir dövlət erməni lobbisindən asılıdırsa və siyasətin erməni lobbisinin sifarişləri əsasında qurursa, o dövlət elə terrorçu Ermənistandan heç nə ilə fərqlənmir. Haqlı olaraq nifrətə və ittihama layiqdir.
İ.ƏLİYEV