PDF Oxu

Siyasət

  • 2 146

Müstəqilliyimiz əbədidir TƏHLİL

Müstəqilliyimiz əbədidir TƏHLİL

Ümummilli Lider Heydər Əliyevin irsində, dövlətçilik ənənəsində müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər mühüm yer tutur. Ümummilli Liderin dövlətçilik düşüncəsinin əsasını müstəqillik ideyası təşkil edir. O, müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünüdərkinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmlə mübarizə aparırdı.

Ulu öndərin qətiyyətinin və xalqa, dövlətə, dövlətçiliyə sədaqətinin nəticəsidir ki, biz bərpa etdiyimiz dövlət müstəqilliyinin ikinci dəfə əldən getməsi təhlükəsindən xilas olduq. Ulu öndərin siyasi müdrikliyi gənc və müstəqil Azərbaycanın qısa müddət ərzində regionda və bütün dünyada dostlarını və tərəfdaşlarını artırdı, cəbhədə atəşkəsə, ölkə daxilində siyasi sabitliyə, iqtisadiyyatın tənəzzüldən çıxarılmasına nail oldu. Ümummilli lider çox yaxşı bilirdi ki, müstəqilliyi qorumaq, iqtisadiyyatı dirçəltmək, xalqın rifahının yaxşılaşdırılmasına nail olmaq üçün ilk növbədə ölkənin təbii sərvətlərindən, eləcə də respublikamızın geosiyasi mövqeyindən bəhrələnmək lazımdır. Çünki həmin illərdə Azərbaycan çox böyük sınaqlar qarşısında idi.

Doğrudur, tarixçilər bu fikirdədilər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün atılan ən böyük addım Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Ancaq ulu öndərin özü dönə - dönə qeyd etmişdir ki, biz “Əsrin müqaviləsi”nə nail olmaqla təkcə böyük məbləğdə iqtisadi imkan əldə etmədik, həm də gənc və müstəqil dövlətimiz üçün çox böyük siyasi dayaq qazandıq ki, məhz bu da bizim suverenliyimizin, müstəqilliyimizin əbədiləşdirilməsinin təməlini qoydu.

Ulu Öndər fenomen şəxsiyyət idi. O, siyasətdən danışanda müsahibini dərin məntiqi ilə məftun edir, iqtisadiyyatdan söhbət açanda bu sahənin ən görkəmli mütəxəssislərini belə heyran qoyur, tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, elmdən bəhs edəndə dinləyicilərin qəlbinə hakim olurdu.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır. Azərbaycan Respublikasının dövlət ideologiyası olan Azərbaycançılıq təlimi Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadiminin dövlətçilik ideologiyasının əsaslarını təşkil edirdi. Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycançılıq ideologiyasının əsas atributlarındandır.

Ümummilli liderin xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai – siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın istəyi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Partiya qısa zamanda xalqın sevgisini qazandı. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev şəxsiyyətini dəqiq müəyyən edib: “Heydər Əliyev kimi böyük bir tarixi simanın irsinin öyrənilməsinə üç başlıca mövqedən – Onun xalqına və ölkəsinə sonsuz sədaqət nümunəsi olan vətəndaş, qüdrətli şəxsiyyət və dövlət xadimi, nəhayət, bütün dünyada şəksiz lider kimi tanınması mövqelərindən yanaşmaq lazımdır”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri- mümkündür. Ümummilli liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq.

Ölkə başçısı cənab İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla 8 noyabr, 19 sentyabr və nəhayət, 15 oktyabr zəfərləri ilə yeni siyasi mərhələnin əsasını qoydu: "Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini çevirdi. İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük strateq kimi məharəti, sərkərdə kimi qətiyyəti, bacarığı ilə Azərbaycan yüz illik bu qeyri-bərabər savaşda ən böyük və qəti qələbəsini qazandı. Prezident İlham Əliyev o nadir şəxsiyyətlərdəndir ki, strateji dühası ilə tarixi yenidən yazmağa, başqalarının Azərbaycan üçün yazdığı tarixi pozmağa müvəffəq oldu. Dövlət başçısı kimi son iyirmi ildə Azərbaycanı getdikcə güclənməkdə olan geosiyasi burulğanlardan qoruyaraq, dövləti gücləndirərək daxili sabitliyi, milli həmrəyliyi, müdafiə potensialını möhkəmləndirərək ölkəmizi xarici müdaxilələrdən qorudu. İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin nailiyyətlərini inkişaf etdirərək Azərbaycanın dinamik inkişaf edən ölkə səviyyəsinə çatmasına və milli hədəflər uğrunda birləşməyi bacaran cəmiyyətin formalaşmasına nail oldu".

Prezidentimiz bir daha bütün dünyaya sübut etdi ki, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Xalqın inamını hər zaman hiss edən Prezidentimiz 15 oktyabrda Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla müstəqillik tariximizin ən böyük uğuruna imza atdı.

Hər keçən gün Heydər Əliyevin dahiliyi, Azərbaycan xalqına bağlılığının bir daha şahidi oluruq. Heydər Əliyev irsi əbədiyaşar, tükənməz bir irsdir, xəzinədir. O xəzindən istifadə edərək biz Şuşa zəfəri kimi bir zəfər qazanmağa nail olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaqdır. Faydalandıqca zəfər və uğur qazanacaq. Son olaraq onu demək istəyirəm ki, Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edildiyi kimi “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Zaur Muradov

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri

Digər xəbərlər