Yeni qəbul edilən “Siyasi partiyalar haqqında qanun” siyasi partiyaların idarəetmədə çevikliyinin artırılmasına, fəaliyyətində müasir yeniliklərə uyğunlaşması, üzvlərinin mənafeyinin qorunması başlıca məsələlərdən hesab edilir. Artıq yeni qanuna görə, partiya sədrləri təkbaşına qərarlar verə bilməzlər. Eyni zamanda, sədrlər onlara qarşı narazılıq ifadə edən şəxsləri partiyadan xaric etmək kimi anormal addımlar atmaqdan məhrum edilirlər. Çox təəssüflər olsun ki, elə siyasi partiyalar var ki, qanunvericiliyə qarşı çıxırlar. Hələ də köhnə əyyamların idarəetməsinə üstünlük verir, müasir dövrün yeniliklərini qəbul etmək istəmirlər. Belə demək mümkünsə, müasir dövrün məqbul hesab olunan yeniliklərinə qarşı müqavimət göstərirlər. Bu da əksər hallarda aşağılarla yuxarılar arasında qarşıdurmalara gətirib çıxarır. Misal olaraq, AXCP daxilində sədrin ətrafında baş verən gərgin vəziyyəti göstərmək olar.
AXCP-də Ə.Kərimliyə qarşı narazıların sayı artır
Əli Kərimlinin nizamnamənin tələblərini pozması və “Siyasi partiyalar haqqında qanun”a qarşı çıxması partiya daxilində ciddi narazılıqlar yaradıb. Məhz bu narazılıqların nəticəsidir ki, əksər cəbhəçilər 2023-cü il iyunun 24-də keçirilən qurultayın nəticələrini qəbul etmirlər. Çünki qurultayda Ə.Kərimli alternativsiz olaraq namizəd olmuş və seçki-filan olmadan partiya sədri seçilmişdir. Bunu narazı cəbhəçilər futbol meydançasında qapıçısı olmayan qapıya vurulan top kimi qiymətləndirirlər. Eyni zamanda, Ə.Kərimlinin tələbinə əsasən, psixoloji problemli şəxs kimi dəyərləndirilib AXCP-də məsxərə obyekti olan Nurəddin Məmmədli partiyanın Ali Məclisinin sədri təyin olundu. Əlavə olaraq Ə.Kərimlinin milli və dövlətçilik maraqlarına zidd mövqe sərgiləməsi və atdığı addımlarını xarici istəklərə uyğun atması AXCP-də partlamağa hazır vəziyyətdə olan problem yaradıb.
Əli Kərimli cəbhəçilər üçün problemə çevrilib
Siyasi partiyalarla bağlı yeni qanunvericiliyə görə, Ədliyyə Nazirliyindən təkrar qeydiyyatdan keçən partiyalar 90 gün ərzində növbəti qurultayını keçirməlidir. Tələblərə bütün siyasi partiyalar riayət ediblər. Yəni qurultaylarını keçiriblər. Lakin Ə.Kərimli müxtəlif bəhanələr gətirməklə qurultay keçirməkdən yayınır. Gah deyir ki, şəhər rəhbərliyi onlara qurultayın keçirilməsi üçün yer ayırmır, gah da iddia edir ki, rayon təşkilatlarında qurultaya hazırlıq üzrə konfranslar başa çatmayıb: “AXCP -yə qurultay keçirməyə imkan vermədilər. Sabaha - dekabrın 2-nə planlaşdırdığımız qurultayda partiyamızın yeni proqramını qəbul edəcəkdik. Bu il iyunun 24-də keçirdiyimiz qurultayda qərar vermişdik ki, proqram üzərində iş başa çatdırılsın və 2023-cü ilin sonuna qədər partiyanın yeni proqramı qurultayın davamında qəbul edilsin. Biz proqram üzərində işi başa çatdırdıq. İnanıram ki, qurultayda qəbul ediləcəyi təqdirdə partiyamızın yeni proqramı ciddi müzakirələrə səbəb olacaq, ölkənin siyasi həyatında əsl hadisə olacaq”.
Ə.Kərimli sosial şəbəkələrdə paylaşdığı statusunda əlavə edir ki, “Ədliyyə Nazirliyi də partiyamıza göndərdiyi 9 sentyabr tarixli məktubunda bizə xatırlatdı ki, siyasi partiyalar haqqında yeni qanuna görə partiyanın proqram və nizamnaməsində zəruri dəyişikliklər 90 gün ərzində həyata keçirilməlidir”.
Ola bilsin ki, nazirlik AXCP-nin qeydiyyatını ləğv etsin
Fakt budur ki, Ədliyyə Nazirliyi bütün siyasi partiyalara eyni gözdə baxır və birini digərindən üstün hesab edib fərqləndirmir. Lakin Ə.Kərimli bu cür xeyirxahlığı lazımi formada dəyərləndirmək hissindən uzaq olduğundan hay-küy salır. Təbii ki, adət etdiyi şivənlikdir. Ə.Kərimli digər siyasi partiyalar kimi onlayın formada AXCP-nin qurultayını keçirməklə problemi həll edə bilər. Sadəcə, daxili narazı şəxslərin sayı kifayət qədər çox olduğu üçün Ə.Kərimli qurultaya getməkdən çəkinir. Nəzərə almaq lazımdır ki, keçirildiyi iddia edilən 24 iyun qurultayının nəticələrinin tanınmaması ilə bağlı qurultay iştirakçıları Ədliyyə Nazirliyinə müraciət ediblər. Hazırda Ədliyyə Nazirliyində cəbhəçilərin müraciətləri araşdırılır. Təbii ki, Ə.Kərimli növbəti qurultayda əlavə problemlərlə üzləşəcəyi təqdirdə, AXCP-nin qeydiyyatı məsələsində ciddi əngəllər yaranacaq. Bunu Ə.Kərimli anlamasa da ətrafında olan imicmeykerləri ona başa salırlar. Bu səbəbdən də Ə.Kərimli müxtəlif bəhanələrlə vaxt qazanmağa və bu yolla narazı cəbhəçiləri neytrallaşdırmağa ümid bəsləyir. Vaxt isə gedir. Əgər qurultay keçirilməsə o zaman Ədliyyə Nazirliyi bunu qanunun tələbindən imtina kimi qəbul edib, hüquqi addımlar atacaq. Ola bilsin ki, nazirlik AXCP-nin qeydiyyatını ləğv etsin.
İ.ƏLİYEV