PDF Oxu

Siyasət

  • 2 379

Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlığa əsaslanan əlaqələr TƏHLİL

Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlığa əsaslanan əlaqələr TƏHLİL

Prezident İlham Əliyev: “Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir”

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi müstəsnadır. Əlbəttə ki, bu, milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkəmizin ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə məlum işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürü idi. Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

ARAMIZDAKI FƏAL SİYASİ DİALOQ QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞIMIZIN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYIR

«Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir». Bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrikində bildirib. «Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır» - deyə bildirən dövlət başçısı qeyd edib ki, biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik: «Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür. Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir».Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub. Səfər çərçivəsində Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub

İLK GÜNƏŞ ELEKTRİK STANSİYASI

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Məlumdur ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi", "Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" imzalanıbdır.

TƏRƏFDAŞLIĞIN BÖYÜK PERSPEKTİVLƏRİ

Görüş zamanı Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib. SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulanıb.Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər