PDF Oxu

Siyasət

  • 2 215

Qarabağda və Şərqi Zəngəzurda yol infrastrukturu TƏHLİL

Qarabağda və Şərqi Zəngəzurda yol infrastrukturu TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, Suqovuşan-Sərsəng su anbarı - Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17,0 (on yeddi) milyon manat ayrılıb

İyirmi birinci yüzilliyin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında əsas şərtlənirici amil oldu. Təbii ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında qalib ölkə olduğunu göstərə bildi. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız yolumuzu gözləyən torpaqlarımızda dalğalandı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi".
Bu gün bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun dünyanın qabaqcıl ölkələri sırasında adı çəkilir. Cənab İlham Əliyevin nitqində qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi: "Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik".
Bu gün güclü Azərbaycan Ordusunun qələbəsi köçkünlərin doğma yurdlarına qayıtmasına səbəbdir. 44 günlük Vətən müharibədə dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınması, yaşayış yerlərinin dağıdılması dünyanın müxtəlif yerlərindən gəlmiş media nümayəndələrinin diqqətində oldu və yayımlanan reportajlarda ermənilərin törətdikləri hər bir vəhşilik dünyaya nümayiş etdirildi.
Əlbəttə ki, xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi tarixi qələbəmizin əldə olunmasına səbəb oldu. Bu, Azərbaycanın siyasi-diplomatik qələbəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə yeni səhifə əlavə etdi. Qələbə tarixini yazdı. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", deyən Azərbaycan Prezidenti bildirib ki, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. 44 günərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi.
Artıq müharibənin başa çatmasından üç il ötür. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Bu gün Azərbaycanda yeni bir həyat başlayıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gəlir və bu məkanların infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa işinə star verib, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır.
Dövlət başçısı bu günlərdə "Suqovuşan-Sərsəng su anbarı - Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən səksən kilometr uzunluğu olan Suqovuşan-Sərsəng su anbarı ‒ Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17,0 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlər də bu sıradadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır.
30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir.
Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı qeyd etdiyimiz bu və ya digər layihələrin reallaşlmasına imkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər