Siyasət

  • 831

Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bunun da səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir. Məhz İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə vəcib olan siyasi sabitlik amilinə toxunaraq qeyd edib ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Dövlət başçısı beynəlxalq riyakarlığın təzahüründən söz açaraq bildirib ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir: «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır».

«Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar»,-deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. 30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.

Beləliklə də, dövlət başçımızın söylədiyi kimi, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

AZƏRBAYCANIN GÜCLÜ İQTİSADİYYATI MÜSTƏQİL XARİCİ SİYASƏT KURSU HƏYATA KEÇİRMƏYƏ İMKAN YARADIR

Bəli, SPECA-nın yaranmasından keçən müddət ərzində həm regionda, həm də dünyada müxtəlif hadisələr yaşanıb. Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünənini bu gününü şərh edərək, gələcəkdəki hədəflərin anonsunu verib. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Ölkə başçısının söylədiyi kimi, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Ermənistan öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. “Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. “Böyük Qayıdış” Proqramından danışan ölkə başçısı qeyd etdi ki, keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Qardaşlıq dəstəyindən söz açan ölkə rəhbəri vurğulayıb ki, cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq.

PREZİDENT İLHAM ƏLİYEVİN QLOBAL LİDERLİK NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

Bəli, bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzu buna imkan vermir. Sözü imzası qədər keçərli olan, verdiyi vədləri hər zaman reallaşdıran və etibarlı tərəfdaş statusuna sahiblənən İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Həqiqət tərəfdarları isə Azərbaycanın yanında olduqlarını, ölkəmizə hər zaman dəstək göstərdiklərini əməlləri ilə sübuta yetirirlər. Xüsusən də reallıq budur ki, Prezident İlham Əliyev beynəlxalq problemlərin həllində mühüm rol oynayan və müasir dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında müsbət potensiala malik olan Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən təqdir edilir. Əgər belə olmasaydı, bitən sədrlik müddəti yenidən Azərbaycana həvalə olunmazdı. 2022-ci ildə ölkmizin hərəkata sədrlik müddət başa çatsa da, üzv dövlətlər Azərbaycanın təşkilata uğurlu sədrliyini nəzərə alaraq əlavə 1 il müddətinə sədrlik etməsi ilə bağlı təklif irəli sürdülər. Beləliklə, Azərbaycanın hərəkata sədrliyi 2023-cü ilə qədər uzadıldı.

Göründüyü kimi, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 20 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz. Bu fikirdə, bu niyyətdə olanlara İlham Əliyev çox mükəmməl şəkildə xəbərdarlıq edib: "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki mən Prezidentəm, belə qüvvə olmayacaqdır". Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

PREZİDENT İLHAM ƏLİYEVİN SAMMİTDƏ ƏSAS ÇAĞIRIŞLARI …

Prezident İlham Əliyevin sammitdə bəyan etdiyi kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik və ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. “Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.”

Dövlətimizin başçısı onu da vurğulayıb ki, amma heç şübhəsiz uğursuz ölkələr də var, hansısa “ağa”ya, “bacı”ya yarınmaqla, qonşularına xəyanət etməklə, ərazisini poliqona çevirib, regional sülhü, sabitliyi təhlükəyə atmaqla, “nala-mıxa vurma siyasəti” ilə qeyri-ciddiliyin təkinə yuvarlanan birisi də bizim qonşuluqda... Ölkə başçısı sərrast şəkildə ifadə etdi həmin ölkənin gün-güzəranını…

Bəli, dövlət başçımız sərrast şəkildə Ermənistanın gün-güzəranını aydın şəkildə nəinki Zirvə görüş iştirakçılarına, bütün dünyaya çatdırdı: «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir».

Azərbaycanın sədrliyi ilə SPECA regionun iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformaya çevrilməkdədir. SPECA-nın son 25 illik tarixi dövründə ilk dəfə səviyyə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qalxdı. Eyni zamanda uzun müddətdir, plan olaraq qalan Etimad Fondunun yaradılmasına nail olundu. Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etmələri daha geniş iqtisadi əməkdaşlıq formatı üçün təkan ola bilər.

Bir sözlə, bütün bu deyilənlər bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü siyasət, qazanılan uğurlar bu gün Azərbaycanın dünya birliyində yerini möhkəmləndirir, xalqımızı və dövlətimizi perspektivdə hələ möhtəşəm sosial, iqtisadi uğurlar, diplomatik qələbələr gözləyir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər