Siyasət

  • 4 377

10 dekabr Zəfər paradı xalqımızın parlaq hərbi qələbəsinin rəmzidir ŞƏRH

image

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı xalqımızın möhtəşəm tarixi günüdür. Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğan iştirak edərək çox ciddi siyasi mesajlar verdi. Qeyd edim ki, zəfər Paradında 3 min nəfərdən çox şəxsi heyətin,150-dək hərbi texnikanın, o cümlədən, raket və artilleriya qurğularının, eləcə də hərbi gəmi və katerlərinin nümayişi keçirilmişdir. Paradda həmçinin, vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdi.

Vaxtilə erməni hərbi naziri Tonayan demişdir ki, müharibə yenidən başlasa, bizim ordumuz Bakıya doğru irəliyəcəkdir. Bəli, erməni ordusu Bakıya doğru irəlilədi, amma necə irəlilədi? Məğlubiyyətin, iflasın rəmzi kimi! Erməni hərbi birləşmələrə dair Azərbaycan ordusunun darmadağın etdiyi, düşmənin qoyub qaçdığı hərbi sursatlar, döyüş maşınları, tanklar artıq Hərbi Qənimətlər Parkında parka ziyarətə gələnlərə açıq nümayiş olunur.Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi sursatlar, döyüş maşınları, tanklar Azərbaycan ordusunun qüdrətinin, Ermənistanın ordusunun isə məğlubiyyətinin simvoludur.

Zəfər Paradında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı xüsusi siyasi əhəmiyyət kəsb edirdi. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. O, paradda çıxışında demişdir: " Bu gün tarixi bir gündür.Bu gün Azadlıq meydanında zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir". Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximiz idi, hər gün Azərbaycan irəli gedirdi. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8- də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimiz idi. Şuşanın işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur oldu.

Şuşa şəhəri işğaldan azad olunandan sonra noyabrın 10- da Ermənistan məğlub olub, kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına əsasən, bir güllə atmadan Kəlbəcər, Laçın, Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycanın şanlı üçrəngli bayrağı qaldırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Sonra paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi. O, çıxışında demişdir: "Bu Zəfər Günümüzdə sizlərlə birlikdə böyük məmnunluq duyuruq.Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm.Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Ə.Cavad bəyin ruhu şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təntənəsi qələbə paradının möhtəşəmliyini daha artırırdı. Zəfər paradı Azərbaycan xalqının 30 illik torpaq, yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi. Paradda müasir texnika və yüksək döyüş bacarığına malik canlı qüvvənin nümayişi ordumuzun dünyanın ən güclü ordularından biri olduğunun əyani sübutu idi. Paradda diqqət çəkən məqamlardan biri isə dünyaya bir mesaj kimi ünvanlanan qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk hərbçilərinin iştirakı idi. Sevindirici haldır ki, Türkiyənin dəstəyini təkcə ölkə rəhbərindən, müdafiə naziri və xarici işlər naziri tərəfindən deyil, digər vəzifəli şəxslər və ümumilikdə bütün türk xalqının hər bir nümayəndəsindən gördük. Bu isə bütün dünyaya haqq savaşında Azərbaycanın tək olmaması barədə verilən siqnal idi.

Zəfər paradı zamanı düşmənin atıb qaçdığı və döyüş meydanında məhv edilən yüzlərlə texnikasının nümayişi erməni xalqının tarixində bir rəzalət, utanc kimi yadda qaldı. Paradda çıxış edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxarətlə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Zəfər paradı göstərdi ki, torpaq , Vətən sevgisi, Dövlət- Xalq və Xalq-Ordu birliyi, bütövlüyü qarşısında bütün cılız qüvvələr, işğalçı cinayətkarlar yalnız ölümə və məğlubiyyətə məhkumdurlar. Məhz xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsi, ordumuza olan güvənci və inamı sayəsində 30 illik işğala son qoyuldu, əzəli torpaqlarımız yağı düşmənlərin tapdağından birdəfəlik xilas edildi.Qələbə paradı, eyni zamanda, “məğlubedilməz erməni ordusu”nun boş xülya və sabun köpüyü olmasını bir daha dünyaya sübut etdi. Bu parad sübut etdi ki, vətənsevər Azərbaycan oğul və qızları ölümün gözünə dik baxaraq yurd həsrətinə son qoymaq üçün canından, qanından keçməyə hər an hazır idilər.Torpaqlarımızın işğalı Əsrin faciəsi idisə, azad edilməsi Əsrin Qələbəsi kimi tarixə yazıldı. Əsrin faciəsindən Əsrin qələbəsinə gedən yol bizi daha da mətin etdi. Bir xalq kimi birləşməyə, həmrəyliyə səslədi. Vətən müharibəsində Ali Baş Komandanın ətrafında xalqın həmrəyliyi, birləşməsi bütün dünyaya bir nümunə oldu. Bundan sonra bizləri daha gözəl, firavan günlər, inkişaf mərhələsi gözləyir.

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər