PDF Oxu

Siyasət

  • 2 096

Zəfərimizin yekun möhürü ŞƏRH

Zəfərimizin yekun möhürü ŞƏRH

44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni tarix yazdı. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu, eyni zamanda, müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına – ermənipərəst dairələrə göstərdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev paraddakı çıxışında deyib: “Bu gün tarixi gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür.

Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər