Məlumdur ki, 2020-ci il tarixində 44 günlük müharibədə Azərbaycan Respublikası zəfər qazandı. Bu müharibə Azərbaycanın haqq savaşı idi və bu savaşdan alnı açıq, üzü ağ çıxdı. 30 il ərzində düşmən tapdağında qalmış, viran edilmiş ərazilərimizə qovuşdurdu bizi bu 44 günlük müharibə... Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.
İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərəfinə 2020-ci il dekabr ayının 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı- Zəfər Paradı keçirildi. Paradda Azərbaycan əsgər və zabitləri ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdirlər.
Paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Necə də qururverici anlar idi... Müharibə dönəmində erməni dığalarının Bakıya qədər gələcəkləri hədə-qorxusunun üzərinə qorxudan qoyub qaçdıqları, ələ keçirilmiş texnikaları Azadlıq meydanında böyük fəxrlə xalqımıza nümayiş etdirildi.
Paradda qalib ölkənin, qalib xalqın Ali Baş Komandanı cənab İlham Əliyev çıxış edərək hər kəsi salamlayıb və ilk növbədə xahiş edib ki, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Ardınca nitqinə davam edən cənab Prezident bildirib: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.
Ali Baş Komandan öz nitqində müharibənin gedişatından, hər keçən gün ordumuzun irəliləyərək ərazilərimizi azad etməsindən, qardaş Türkiyə Cumhuriyyətinin müharibənin ilk günlərindən bizə dəstək olmasından, Azərbaycanın savaşını haqq işi adlandırmasından, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək verərək açıq, sərt və birmənalı çıxışlarından söhbət açmış və bütün bunların Azərbaycan xalqını, Azərbaycanın hər bir vətəndaşını qürülandırdığını vurğulamışdır. “Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”- deye Cənab Prezident çıxış etmişdir.
Prezident cənab İlham Əliyevin çıxışının yekunu həqiqətən də hər bir Azərbaycan vətəndaşı üçün qürürverici idi. Öz çıxışını kəlamla bitirmək istəyən Prezidentimiz demişdir ki, “Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”.
Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək hər kəsi salamlayıb və Bəxtiyar Vahabzadənin şeirindən bir parça deyərək Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpdüyünü bildirib. O bildirib ki, 20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilib.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan öz nitqində demişdir: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür. Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır”.
Bütünlükdə 44 günlük müharibə və müharibədə qazanılmış qələbə şərəfinə keçirilmiş Zəfər Paradı xalqımızın yaddaşına unudulmaz tarix kimi daxil oldu. 30 ilin həsrətinə son qoyuldu. Biz bu qələbə uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, övladından məhrum olmuş şəhid analarına, yarından ayrı düşmüş qız-gəlinlərimizə, atasız qalmış körpələrə daim borcluyuq. Bu unudulmaz tarixi biz onların şücaətlərinin nəticəsində yaşamışıq. Məhz onların qəhrəmanlıqlarının nəticəsidir ki, biz 30 ildir ayrı qaldığımız torpaqlarımıza qovuşmuşuq.
Lalə Səlimzadə
YAP Yasamal rayon təşkilatının fəalı