Danılmaz faktdır ki, 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan hərbi-siyasi tarixinin yeni bir mərhələsi başlanmışdır. Bu şanlı qələbə sayəsində Azərbaycan ordusu öz gücünü dünyaya bir daha göstərdi. Azərbaycan kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və bölgəmizdə yeni reallıq yaratdı.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı və torpaqlarını işğaldan azad etdi.
Vətən müharibəsindəki zəfərimizə həsr olunan Zəfər Paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq yadda qaldı. Zəfər Paradının Azərbaycanın tarixində xüsusi əhəmiyyəti vardır ki, Prezident cənab İlham Əliyevin “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir” sözləri bu fikri dəstəkləyir.
Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanı, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Paradda Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Müzəffər ordumuzun Vətən müharibəsində məhv etdiyi Ermənistan ordusuna məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhənin nümayişi işğalçı ölkəyə göz dağı oldu.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Türkiyə Respublikasının Prezidenti Vətən müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək, Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirdi.
Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi və mənəvi dəstəyini bütün dünya gördü. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi.
Zəfər Paradı həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Zəfər Paradı ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini